Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-iyun aylarında Rabitə və İnformasiya Texnologiyaları Nzirliyinin "Azərpoçt" Dövlət Müəssisəsi (DM) əhaliyə poçt xidmətlərinin keyfiyyətini artırmaq və tələbatı ödəmək üçün 130 yeni iş yeri açıb. Bu barədə Nazirliyin Poçt sektorunun rəhbəri Novruz Məmmədov məlumat verib.
Bu dövr ərzində 47 yeni poçt şöbəsi istismara verilib. Poçt şöbələrində "Contact" pul köçürmələri sisteminin tətbiqinə başlanılıb.
"Azərpoçt" DM-in işinə məktub və yazışmaların çatdırılması, teleqraf, elektron poçt, İnternet xidmətinin göstərilməsi, beynəlxalq telefon danışıqları, daxili və xarici poçt göndərişlərinin daşınması, açıqca və zərflərin, milli üslubda hazırlanmış marka və nişanların satışı, sürətli və adi pul köçürmələrinin həyata keçirilməsi, pensiya və müavinətlərin ödənilməsi daxildir. Müəssisənin 1,4 mindən çox şöbəsi var və əhaliyə təqribən 50 növ poçt xidməti göstərilir.