Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədovun Trend-ə müsahibəsi
- Azərbaycanın Ukraynadakı diasporunun təşkilatlanması hazırda hansı səviyədədir?
- 2000-ci illərin əvvəlindən fərqli olaraq, Ukrayna Azərbaycanlıları Konqresində təşkilatlanma, demək olar ki, orta səviyyədədir. Hələ də lazım olan, bizi qane edən nəticə əldə etməmişik. Amma bu qısa vaxtda əldə etdiyimiz nailiyyətləri yaxşı qiymətləndirmək olar, çünki adətən, diasporun təşkilatlanmasına uzun illər lazımdır.
Diasporun əsas prinsipi ondan ibarətdir ki, Azərbaycanı dünyada daha çox sevdirmək üçün, daha çox dostlar qazandırmaq üçün, sadəcə olaraq, Azərbaycanı tanıtmaq istiqamətində iş aparılmalıdır. Azərbaycanı sevdirməyin yolu, Azərbaycanı tanıtmaqdan keçir. Diaspor təşkilatlarımız Azərbaycana çoxlu dost qazandırmağa çalışır və güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin ictimai qurumları, qeyri-hökumət və siyasi təşkilatlar, dövlət orqanları ilə əməkdaşlıq qurulur.
Ümumiyyətlə, diaspor quruculuğu və fəaliyyəti konkret dövrlə məhdudlaşmayan bir prosesdir. Müasir və qloballaşan dünyada da şərtlər intensiv şəkildə dəyişir. Yeni şərtlər meydana çıxır. Buna görə əsas məqsədimiz odur ki, elə bir strategiya hazırlayaq ki, bütün zamanlarda özünü doğrulda bilsin. Diaspor təşkilatları da çalışır ki, fəaliyyətlərini müasir dünya şərtlərinə uyğunlaşdırsınlar və o şərtlər əsasında Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar. Qarşıda duran əsas işlərimizdən biri xaricdə yaşayan azərbaycanlı iş adamları ilə sistemli əlaqə qurulmasına nail olardıq. Çünki bu əlaqə diasporun işinin daha da güclənməsinə təkan verər.
- Ukraynada həmvətənlərimiz hansı problemlərlə daha tez-tez üzləşirlər? Onların həll olunması üçün hansı işlər görülür?
- Ukraynada yaşayan və vətəndaşlığı olan azərbaycanlıların problemləri az olur, çünki onlar Ukrayna qanunları ilə yaşayır və hər hansı problem olarsa, bizim hüquqşünaslar məşğul olurlar. Həmvətənlərimiz arasında Ukraynada bu gün ən böyük problemlər Azərbaycandan müvəqqəti gələn insanlarla olur. Azərbaycan vətəndaşlarının ən böyük problemi onların sənəd problemidir - kimisi pasport və ya şəxsiyyət vəsiqəsini itirir, kimisi Azərbaycan vətəndaşlığından çıxır və Ukraynaya gəldikdən sonra səhlənkarlıq edir və buranın vətəndaşlığını götürmür. Burada qalan Azərbaycan vətəndaşlarının 80 faizinin problemi var - lakin bunlar sənədlərin leqallaşdırılması ilə bağlıdır. Azərbaycan Səfirliyi üçaylıq müvəqqəti pasportların verilməsi ilə çox gözəl iş gördü. Lakin bir çox həmvətənimiz səhlənkarlıq edib pasport götürmək üçün müraciət etmir, burdan da digər məsələlər ortaya çıxır - onları tuturlar, saxlayırlar, hüquqşünaslara müraciət etməyə ehtiyac olur. Konqresin hüquq departamentində çalışan hüquqşünaslarımız bu işlərlə məşğuldurlar. Problemlə üzləşən həmvətənlərimizə qanunları başa salırıq. Təşkilatda bununla bağlı ayrıca qurum da yaradılıb. Orada maarifləndirmə işi həyata keçirilir. Lakin başqa dövlətlərə baxanda burada azərbaycanlılara gözəl münasibət var. Sadəcə olaraq, Ukraynaya gələnlər üçün geniş maarifləndirmə işləri aparılmalıdır.
Bu gün azərbaycanlılar dünyanın müxtəlif ölkələrində məskunlaşıblar. Hər bir ölkənin də özünün daxili ictimai, siyasi mühiti var. Bu səbəbdən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın problemləri də müxtəlifdir. Biz həmvətənlərimizin problemlərini mütəmadi olaraq tədqiq edirik, təhlillər aparırıq və müəyyən nəticələr qazanırıq.
- Ukraynanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların fəaliyyətini koordinasiya etmək üçün hansı işlər görülür?
- Ukraynanın bütün regionlarında Konqresin nümayəndəliyi fəaliyyət göstərir. Məlumat üçün deyim ki, burada Azərbaycan diasporunun təşkilatlanması 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Ukraynaya rəsmi səfərindən sonraya təsadüf edir. Ozamanadək biz pərakəndə halda fəaliyyət göstərirdik. Ümummilli ilderimiz Heydər Əliyev bizə vahid ideya ətrafında birləşməyi tövsiyə etdi; elə həmin il də Ukrayna Azərbaycanlıları Konqresini yaratdıq.
Hazırda bu istiqamətdə kifayət qədər işlər görülür. Misal üçün, gənclərin aprel ayında böyük forumu keçirildi və həmin tədbirdən sonra hər regionda gənclər çox fəallaşdılar, hazırda həmin gənclər hər regionda gənclər təşkilatları yaradırlar. Artıq qərara alınıb ki, hər il 24 aprel - Ukraynada yaşayan gənclərin həmrəylik günü kimi qeyd olunacaq. Düşünürəm, bu işlər çox vacibdir ki. Burada yaşayan gənclərlə Azərbaycandan gəlmiş qardaş-bacılarımızla əlaqələr yaransın. Bu yaxınlarda Nikolayev şəhərində "Dostluq" adı altında Ümumukrayna tədbiri keçirildi və Azərbaycan gənclərindən ibarət "Yeddi gözəl" və "Cigitlər" ansamblları üç tərifnamə aldı. Fərəhləndirici haldır ki, həmin tədbirdə bütün meydan Azərbaycan bayraqları ilə bəzədilmişdi.
Bundan başqa, Ukraynada yaşayan azərbaycanlıların birinci qurultayını keçirməyə çalışacağıq - bu, çox böyük məsələdir və hazırda buna hazırlaşırıq. Ukrayna Azərbaycanlıları Konqresi daim Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx iş aparır və bu istiqamətdə onların tapşırıqlarını həyata keçirir.
- Xocalı soyqırımı həqiqətlərinin Ukrayna cəmiyyətində tanınması istiqamətində bu ölkədə yaşayan diaspora nə kimi işlər görür?
- Azərbaycan diasporu qarşısında duran əsas vəzifələrdən biri Dağlıq Qarabağ probleminin həlli üçün dünya ictimaiyyəti, beynəlхalq təşkilatlar, dünyada Azərbaycanla maraqlanan qurumları daha çoх məlumatlandırmaqdır. Bu işdə хarici ölkələrdə yaşayan soydaşlarımıza böyük ümidlər bəsləyirik. Əvvəllər elə dövlətlər vardı ki, həmin ölkələrdə diaspor təşkilatları fəaliyyət göstərmirdi. Ancaq hazırda nəinki dünyanın hər bir ölkəsində, eləcə də ayrı-ayrı şəhərlərdə, vilayətlərdə Azərbaycanın diaspor təşkilatları, cəmiyyətləri yaranır, Azərbaycan əleyhinə olan qüvvələrə qarşı mübarizə aparılır. Biz hər il 26 Fevralda - Хocalı faciəsi, 31 Martda - Azərbaycanlıların Soyqırım Günü, 20 Yanvar faciəsi, eləcə də torpaqlarımızın işğalı tariхlərində ayrı-ayrı ölkələrdə böyük bir kampaniya həyata keçirir, dünyada yaşayan soydaşlarımızı həmin prosesə qoşuruq. Hazırda bu istiqamətdə fəaliyyətimiz davam edir və bununla bağlı yeni planlarımız var.
Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bəşəri cinayət kimi də qiymətləndirilməlidir. Dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb. Hər il Xocalı soyqırımı ilə bağlı Azərbaycan diasporu Ermənistanın Ukraynadakı Səfirliyinin, eləcə də ATƏT-in bu ölkədəki ofisi qarşısında etiraz aksiyaları keçirir. Ukrayna Azərbaycanlıları Konqresi fevral ayını "Xocalı ayı" elan edib, bu çərçivədə bir sıra tədbirlər həyata keçirir. Belə ki, Ukraynanın Dnepr, Donetsk, Xarkov və Kiyev şəhərlərində Xocalı qurbanlarına həsr olunmuş rəsm sərgiləri də təşkil olunur. Həmyerlilərimizin faciəsini anladan işlər Ukrayna ictimaiyyətinə təqdim olunur. Qalereyalarda, eyni zamanda, "Xocalı" filmi də nümayiş olunur.
- Bəs Ukrayna Azərbaycanlıları Konqresi digər ölkələrdə olan diasporlarımızla nə səviyyədə əlaqələr qurub?
- Əvvəla, demək istəyirəm ki, diasporların birgə fəaliyyətinin gücləndirilməsi üçün vaxt lazımdır. Mənim şəxsən bir çox Avropa və MDB ölkələrindəki diaspor komitələrinin rəhbərləri ilə yaxşı əlaqələrim var, bir birimizlə informasiya mübadiləmiz var. Ukraynada 500 minə yaxın azərbaycanlı var və bura azərbaycanlıların ən çox yaşadıqları olkəılərdən biridir. Biz, həmçinin, türk diasporları ilə də əlaqə saxlayırıq.
- Ukraynada yaşayan və yaxud bu ölkəyə gələn həmvətənlərimizə hansı tövsiyələr verərdiniz?
- Digər ölkələrə gedən həmvətənlərimiz, ilk növbədə, estetik görünüşlərinə fikir verməlidirlər, sənədlərinə qarşı diqqətli olmalıdırlar. Onlar bilməlidirlər ki, Azərbaycanı təmsil edirlər; misal üçün: bəzi həmvətənlərimiz Kiyev aeroportunda idman paltarında düşürlər, sənədləri bərbad vəziyyətdə olur. Biz burada əlimizdən gələn hər şeyi edirik, ancaq gərək Azərbaycan cəmiyyətinin də buna təsir etmək cəhdi olsun.
- Ukraynada azərbaycanlıların mətbuata çıxışı nə səviyyədədir; elektron və dövri mətbuat Azərbaycan barədə hansı mövqeyi tutur?
- Azərbaycanlıların mətbuata çıxışı bu gün ötən illərə baxanda daha yaxşıdır. İndi Azərbaycan gəncləri televiziyada da, qəzetdə də işləyirlər. Amma ermənilər mediada təbliğə bəlkə də Sovet İttifaqı dağılmamışdan əvvəl başlayıblar. Biz də daim çalışırıq, bu məsələlərə böyük diqqət yetirək. Bu üzdən Ukrayna jurnalistləri ilə sıx əlaqəyə giririk ki Azərbaycan haqqında olan həqiqətləri yaysınlar. Biz hərtərəfli təbliğat istəyirik - dünyaya Azərbaycan haqqında həqiqətlər çatdırılmalıdır. Ukrayna KİV-də son vaxtlar Azərbaycan barədə ancaq həqiqətlər gedir. Ancaq düşünürəm ki, gördüyümüz işlər çox azdır - hər gün daha səylə işləməliyik.
Müəllif: M.Əliyev
24 sentyabr
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html