...

“Müsəlman qardaşlar” hakimiyyəti: ortaq düşmən

Nəzər nöqtəsi Materials 2 İyul 2013 11:07 (UTC +04:00)

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

"Müsəlman qardaşlar" təşkilatının yetirməsi olan Məhəmməd Mürsinin Misirdə prezident seçilməsi ölkədə islamçıların tam zəfəri kimi qəbul edilsə də, bir il ərzində baş verən hadisələr əslində bunun heç də belə olmadığını göstərir.

Hakimiyyətdə olduğu bir il ərzində ölkə prezidentinin bir sıra islahatlar həyata keçirmək istəyi baş tutmadı və verilən vədlərin heç biri demək olar ki, yerinə yetirilmədi.

Nəticədə ölkədəki iqtisadi böhranı səbəb gətirərək "Müsəlman qardaşlar" təşkilatına müxalif olan bütün siyasi və dini qruplar etiraz aksiyalarına başladılar.

Davam edən etirazların ilkin mərhələsində Misirdə öndə gələn müxalifət təmsilçiləri və xüsusən də Məhəmməd Əl-Bəradei etiraz aksiyalarında əsas hədəfin Məhəmməd Mursi hakimiyyətinin istefaya göndərmək olmadığını bildirsə də, etirazların getdikcə kəskinləşməsi ilə Mürsinin istefası tələbi irəli sürüldü.

Dünən isə Baş nazir Hişam Qəndil hökumətinin dörd naziri və o cümlədən XİN başçısı Məhəmməd Kamil Amr istefa edəcəyini bəyan etdi. Nazirlərin bu bəyanatından sonra " Müsəlman qardaşlar" təşkilatı xəbərlərin həqiqəti əks etdirmədiyini və ölkədəki siyasi böhranı daha da dərinləşdirməyə yönəldiyini bildirdi.

Ölkədə davam edən etiraz aksiyaları və ordunun birinci "inqilab" zamanından fərqli olaraq bu dəfə səssizliyini pozaraq hakimiyyətə böhranın həlli üçün 48 saat vaxt verməsi hadisələrin bundan sonra heç də ürəkaçan istiqamətdə cərəyan etməyəcəyindən xəbər verir.

Hüsni Mübarək hakimiyyətinin süqutundan sonra "Müsəlman qardaşları"nın hakimiyyətə gəlməsini siyasi baxımdan atılan səhv addım kimi qiymətləndirmək olar.
Çünki 30 illik Hüsni Mübarək hakimiyyəti zamanı siyasi repressiyalara immuniteti olan "Müsəlman qardaşlar" təşkilatının ciddi kadr və siyasi idarəetmə problemləri var.

Buraxılan ən böyük səhvlərdən biri isə Mürsi hakimiyyətinin Ankaradan ilham alaraq Türkiyədə 2002-ci ildən indiyə qədər aparılan islahatların bir il ərzində aparmaq istəyi oldu.

Digər bir tərəfdən bu gün Misirdə baş verənlər əslində ərəb dünyası, xüsusən də şimalı Afrika ölkələri üçün yeni hadisə deyil. Belə ki, Misirdəki siyasi hadisələrə nəzər salındıqda, 1992-ci il Əlcəzair hadisələrinin qismən də olsa təkrarlandığını görmək olar. Məhz 1992-ci ildə Əlcəzairdə islamçıların seçkilərdə qalıb gəlmələrinə baxmayaraq hakimiyyətə buraxılmamaları ölkədə dini zəmində radikallaşmanın bünövrəsini qoydu.

Misirdə hakim "Hürriyyət və Ədalət" partiyasının ölkədəki siyasi böhranın həlli üçün hələki rəsmi bir bəyanatla çıxış etməməsi, partiyanın siyasi arenanı asanlıqla tərk etmək niyyətində olmadığı nəzər alınsa, çox güman ki, "Müsəlman qardaşlara" və öz-özlüyündə bir-birinə müxalif olan digər islamçı və liberal qrupların və ordunun "ortaq düşmən"i olan "Müsəlman Qardaşlar" təşkilatına qarşı birləşmələri ilə nəticələnəcək.
Bu isə yaxın zamanda Misirdə daha ciddi siyasi dəyişikliklərin baş verəcəyindən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti