...

Ekspert: "Ermənilər Azərbaycan ərazilərindən nə qədər tez çıxsalar, onlar üçün bir o qədər yaxşı olar" (VİDEO)

Nəzər nöqtəsi Materials 24 İyun 2016 10:06 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Azərbaycanın uğuru kimi qiymətləndirmək olar.
Ekspert: "Ermənilər Azərbaycan ərazilərindən nə qədər tez çıxsalar, onlar üçün bir o qədər yaxşı olar" (VİDEO)

Bakı. Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünü Azərbaycanın uğuru kimi qiymətləndirmək olar.

Trend-in məlumatına görə, bunu siyasi ekspert Murad Sadəddinov "Baku Network" Ekspert Şurasının prezidentlərin Sankt-Peterburq görüşünə həsr edilmiş müzakirələrində deyib.

M.Sadəddinov qeyd edib ki, Azərbaycan bu görüşə kifayət qədər inamla getmişdi: “Azərbaycan Prezidenti İlham Əliyev prezidentlərin Sankt-Peterburq görüşündən əvvəl bir daha açıq bəyan etdi ki, status-kvo bu cür davam edə bilməz. Bunu təkcə Azərbaycan yox, Minsk qrupunun həmsədrləri də dəstəkləyirlər və Azərbaycanın işğal edilmiş əraziləri qaytarılmalıdır”.

Ekspert bildirib ki, Azərbaycan görüş ərəfəsində irimiqyaslı hərbi təlimlər də keçirdi: “Yəni Azərbaycan bu görüşə kifayət qədər inamla getmişdi. Azərbaycan rəhbərliyi status-kvonun davam etməsini qəbul etmir və bunu açıq-aydın bəyan edir. Aprel hadisələri, o cümlədən Azərbaycanın hərbi təlimləri göstərdi ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə gücü var. Əgər Ermənistan və onu müdafiə edən qüvvələr stastus-kvonu saxlamağa davam etsələr, biz növbəti hərbi əməliyyatların şahidi olacağıq və bu əməliyyatlar uğurlu olacaq”.

M.Sadəddinov əlavə edib ki, ermənilər daim provakasiya edirlər, Azərbaycanın mülki əhalisini atəşə tutrlar: “Bu vaxta qədər Azərbaycan buna dözürsə, beynəlxalq vasitəçilərə hörmət etdiyinə görə dözür. Amma Azərbaycan bəyan edir ki, bir vaxt çatacaq, biz buna dözməyəcəyik. Bu dəfə hərbi əməliyyatlar baş versə, Sarkisyan klanı öz mövqeyini itirəcək. Ona görə ki, iqtisadi cəhətdən Ermənistanda vəziyyət çox pisdir. Hesab edirəm ki, növbəti addımlar Azərbaycanın xeyrinə olacaq”.

Siyasi ekspert hesab edir ki, Ermənistanın heç bir perspektivi yoxdur: “Bunu nə qədər tez anlasalar, Azərbaycan ərazilərindən çıxsalar, onlar üçün bir o qədər yaxşı olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti