...

İslamda radikallıq və mübarizə yolları

Nəzər nöqtəsi Materials 7 Oktyabr 2017 10:46 (UTC +04:00)
Bunlar radikalların maddi qaynaqlarının qismən də olsa kəsilməsinə səbəb ola biləcək tədbirlərdir.
İslamda radikallıq və mübarizə yolları

Bakı. Trend:

Son 20 il ərzində müsəlman ölkələrinin dünyaya İslamın terror dini olmadığı, eləcə də İslam və terrorçuluq anlayışlarının bir yerdə səslənməsinin doğru olmadığını təlqin etmə cəhdləri bir o qədər də uğurla nəticələnməyib.

Eyni zamanda, tanınmış İslam mütəfəkkirlərinin bu istiqamətdə atdığı addınlar da hələ öz bəhrəsini verməyib.

İslamın digər səmavi dinlər kimi terroru birmənalı olaraq pisləməsinə baxmayaraq, bəzi ölkələrdə İslamla terroru eyniləşdirmək üçün ciddi təbliğat aparılır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi müsəlmanlar arasında artan radikallıq xüsusən də Qərbdə islamofobiyanın daha da vüsət almasına səbəb olmaqdadır.

Maraqlıdır, görəsən bəzi müsəlmanlar arasında və müsəlman ölkələrində artan radikallığın başlıca səbəbləri nələrdir?

"Radikallığın artmasının səbəbi məhz İslamdır" - düşüncəsinin heç bir ciddi əsası yoxdur. Bu isə o deməkdir ki, problemin kökünü İslamda yox, bəzi müsəlmanlarda (şəxslərdə) axtarmaq lazımdır.

Bəzi müsəlman ölkələrində radikallığın artma səbəblərindən ən başlıcası heç şübhəsiz ki, təhsil səviyyəsinin aşağı olmasıdır. Təəssüflər olsun ki, bu gün bəzi müsəlmanlar Quranın ilk ayəsinin məhz “OXU” olduğunu unudublar. Təhsil səviyyəsinin aşağı olması isə öz növbəsində kütlələri radikallığa sürükləyən başqa bir problemə - həyat səviyyəsinin aşağı olması və sosial ədalətsizlik probleminə yol açır.

Diqqət yetirilməyən digər önəmli məqamlardan biri də bəzən müsəlmanların müasir həyat, gündəmdə olan məsələlərlə bağlı İslamın ilkin əsrlərində yaşamış dini alimlərə istinad etmələridir. Bu isə real həyatla ayaqlaşmaqda və müasir dünyaya inteqrasiyada problem yaradır.

Savadsızlıq və digər sosial problemlər məngənəsində sıxılan müsəlman gəncləri vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Dırnaqarası din alimləri isə bütün problemlərin kökündə Qərbin olduğunu davamlı olaraq təbliğ etməkdədirlər. İslamın digər səmavi dinlər kimi dinc insanların qətlə yetirilməsini qadağan etməsinə baxmayaraq, bu gün radikalların həyata keçirdikləri bütün terror aktları “cihad” adı altında edilir. Radikalların düşüncəsinə görə, bu "cihad" "dinsizlər"dən qisasdır. İslam tarixi araşdırılsa, cihadın heç vaxt qisas məqsədi ilə aparılmadığının şahidi olarıq. Lakin təəssüf olsun ki, İslam dininin doğru anladılmaması məhz radikalların maraqlarına xidmət edən islamofobiyanı daha da gücləndirir.

Radikallığa qarşı mübarizə aparılmasının müxtəlif yolları var. İlk növbədə, müsəlman ölkələri kənar müdaxilələr olmadan daxillərindəki radikallığa qarşı mübarizə ilə bağlı addımlar atmalıdırlar.

Hər şeydən əvvəl İslam Əməkdaşlıq Təşkilatı (İƏT) rəsmi şəkildə bütün radikal, ekstremist qrupların, onların müasir ideoloqlarının adlarını bəyan etməli və onlar İslamdan kənar elan edilməlidir.

Atılması labüd olan ikinci addım isə din adı altında siyasi maraqlarını təbliğ edən bütün siyasi-dini təşkilatlar və axınların qadağan edilməsidir. Bütün dini axınlar nəzarətdə olmalı və “Məscid içində dövlət qurmaq” düşüncəsinin qarşısı ciddi şəkildə alınmalıdır. Xüsusilə də, bütün müsəlman ölkələrində radikallıq əleyhinə ciddi təbliğat aparılmalıdır. Din adına verilən nəzirlərə dövlət tərəfindən ciddi nəzarət olunmalı, vəqflərə ayrılan ianələr, məscidlərə verilən nəzirlərlə bağlı qəbzlər verilməlidir. Bunlar radikalların maddi qaynaqlarının qismən də olsa kəsilməsinə səbəb ola biləcək tədbirlərdir. Oxşar praktika bir neçə müsəlman ölkəsində mövcuddur.

Sadalananlarla yanaşı, şiə və sünnilərin daha da yaxınlaşması üçün beyin mərkəzləri qurulmalı, Azərbaycan, Türkiyə və İran kimi dövlətlərin bu məsələdəki praktikası öyrənilməlidir. Ən azından ona görə ki, müsəlmanlar arasında ciddi fikirayrılığı davam etdikcə, radikallığa qarşı mübarizə aparmaq faydasız olacaq.

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti