...

Deputat: Paşinyan Qərbə xoş görünsün deyə atdığı addımlarla Şimaldan olan dəstəyi ciddi təhlükəyə atır

Nəzər nöqtəsi Materials 2 Avqust 2018 18:41 (UTC +04:00)
Deputat: Ermənistanda bir-birini təkzib edən siyasi mövqelər bu ölkəni iflas həddinə yaxınlaşdırıb.
Deputat: Paşinyan Qərbə xoş görünsün deyə atdığı addımlarla Şimaldan olan dəstəyi ciddi təhlükəyə atır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan nəinki sosial-iqtisadi baxımdan eləcə də hərbi-siyasi baxımdan iflasa məhkumdur. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Ermənistan bir vaxtlar Azərbaycanı KTMT ilə təhdid edirdi: “Hətta iş o yerə çatmışdı ki, yüksək çinli bir erməni zabiti istədiyi vaxt bu hərbi-siyasi blokun gücündən Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə edə biləcəyini buna heç kəsin mane ola bilməyəcəyini söyləmişdi. İndi isə KTMT ilə münasibətlər işğalçı ölkə üçün əsil başağrısına çevrilib. Ermənistanın siyasi hakimiyyəti hazırda KTMT-yə rəhbərlik edən Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsilə əlaqədar qərar qəbul edib. Bu hər şeydən öncə Rusiya üçün pis sürpiriz olub. Çünki istənilən halda bütün dünyaya postsovet məkanının ən güclü hərbi-siyasi bloku kimi təqdim edilən qrumun fəaliyyətdə olan başçısının qruma daxil olan müttəfiqlərin xəbəri olmadan məsuliyyətə cəlb edilməsi istər-istəməz bu qrumun ciddiyyətini şübhə altına alır. Bu KTMT-nin imicinə böyük zərbədir və bu qurumun doğurdan da real hərbi-siyai ittifaq olmasiyla bağlı deyilənlərlə uyğun gəlmir”.

Deputatın fikrincə, məsələnin başqa mühüm bir tərəfi də odur ki, KTMT-yə üzv olan ölkələrdən heç biri baş katibin məsulyyətə cəlb olunmasına reaksiya verməyib və sanki belə hadisə olmamış kimi davranıb:

“Ancaq Rusiya NATO-su kimi təqdim edilən bu qurumda baş verənlər NATO alyansında baş versəydi, heç şübhəsiz ki, üzv dövlətlərinin hər birinin ayrıca, ya da ən azı ümumi mövqeyi bildiriləcəkdi. Hadisəyə yalnız Rusiya münasibət bildirib. Bu ölkənin baş diplomatı Sergey Lavrov bildirib ki, Ermənistanda baş verən son hadisələrin Moskvada ciddi narahatlıq doğurur və baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir. Göründüyü kimi KTMT-nin qurucusu və əsas üzv dövlətinin Xarici Siyasət İdarəsinin başçısı Y.Xaçaturovun həbsində siyasi motivlərin ola biləcəyinə eyham vurub. Ermənistan XİN-in sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını, ölkənin xarici siyasət prioritetlərinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəfləndiyini bildirib. Göründüyü kimi, mövqelər kifayət qədər ziddiyətlidir və bu heç də Ermənistanın xeyrinə deyil. Çünki artıq Rusiyada olan bir çox informasiya mənbələri bu cür davranışın Ermənistanın Rusiya tərəfindən cəzalanması ilə nəticələnə biləcəyini qeyd edir. İlkin addım kimi isə işğalçı Ermənistana növbəti kredit tranşı çərçivəsində verilməsi nəzərdə tutulan hərbi yardımın dayandırılması göstərilir. Burda isə söhbət təqribən 200 milyon ABŞ dolları həcmində silahlardan gedir ki, Ermənistan bu çərçivədə yeni "İskəndər" raket qurğuları ala biləcəyinə və onları Azərbaycanla sərhəd bölgələrə yerləşdirəcəyinə ümud edirdi. Ancaq göründüyü kimi işğalçı ölkədə dərin sosial-iqtisadi problemləri həll etmək üçün Qərbdən ciddi yardıma ümid edən Paşinyan Qərbə xoş görünsün deyə atdığı addımlarla Şimaldan olan dəstəyi ciddi təhlükəyə atır”.

H.Babaoğlu qeyd edib ki, beləliklə son üç ayda ziddiyətli və bir-birini təkzib edən siyasi mövqelər bu ölkəni iflas həddinə yaxınlaşdırıb: “Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistan nəinki sosial-iqtisadi baxımdan, eləcə də hərbi-siyasi baxımdan iflasa məhkumdur. Ona görə də bu həqiqət nəhayət dərk edilməli, işğal faktına sonu qoyulmalıdır. Bu nə qədər tez olarsa, Ermənistan üçün bir o qədər yaxşı olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti