...

Rusiyalı deputat həmkarının addımlarını Moskva ilə Bakının arasını vurmaq cəhdi kimi qiymətləndirib

Nəzər nöqtəsi Materials 7 Mart 2019 16:32 (UTC +04:00)
Rusiya Dövlət Dumasının deputatı, Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarı Konstantin Zatulinin addımlarını Moskva ilə Bakının arasını vurmaq cəhdi kimi qiymətləndirib
Rusiyalı deputat həmkarının addımlarını Moskva ilə Bakının arasını vurmaq cəhdi kimi qiymətləndirib

Bakı. Mətanət Nəsibova - Trend:

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarı Konstantin Zatulinin addımlarını Moskva ilə Bakının arasını vurmaq cəhdi kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə D.Savelyev Xocalı qurbanlarının anım yürüşündə rusiyalı millət vəkillərinin iştirakı ilə bağlı açıqlamasında deyib.

O bildirib: “Bəzi qəribə hadisələrlə bağlı cənab Zatulinə suallar vermək istərdim. Elə cənab Zatulinin iştirakı ilə Moskvada “Lazarev klubu”nun ikinci iclasına Azərbaycanın işğal olunan ərazisindəki qondarma qurumdan gələrək klub üzvlərinə “Artsax respublikasının iqtisadiyyat və istehsalat infrastrukturu naziri” qismində təqdim edilən şəxsi nəzərdə tuturam”.

D.Savelyevin sözlərinə görə, bu cür hərəkətlər Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik missiyası ilə bir araya sığmır:

“Bunu Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə dövlətimizin dəfələrlə verdiyi bəyanatları ilə necə uzlaşdırmaq olar? Bəlkə bu kimi hərəkətlərin məqsədi Rusiya-Ermənistan əməkdaşlığı arxasında gizlənməklə, əslində, Rusiya ilə Azərbaycanın arasını vurmaqdan ibarətdir?”

Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirdə iştirakı barədə danışan deputat bildirib ki, o, Rusiya nümayəndə heyətinin tərkibində “Ümumi gələcəyin qurulması, ümumi keçmişin axtarışı, ümumi bu günün inkişafı” adlı illik konfransda iştirak edib:

“Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirildi. Bu, rəsmi tədbirdir. Ölkələrimiz arasında qardaş münasibətlərini daha da gücləndirmək və genişləndirmək üçün əlindən gələni əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevlə bu matəm yürüşündə bir sırada addımladığıma görə fəxr edirəm”.

O qeyd edib ki, Rusiya nümayəndə heyəti Xocalı faciəsinin rəmzi olaraq ucaldılmış “Ana harayı” abidəsinə gül çələngi qoyub:

“Yürüş iştirakçıları “Xocalını unutmayın!”, “Xocalıya ədalət!” şüarlarını daşıyırdılar. Bu şüarları cənab Zatulin Ermənistan əleyhinə hesab edir?”.

Deputat əlavə edib ki, o və həmkarları Xocalı faciəsini dəhşətli cinayət kimi qəbul edir, çünki Xocalıda öldürülən hər bir uşaqla birgə Azərbaycan gələcəyinin bir parçası məhv edilib.

D.Savelyevin sözlərinə görə, o da bir çox ekspertlər kimi Xocalı faciəsində soyqırıma aid bütün əlamətlərin olduğunu hesab edir və bu fikirləri istər KİV-də, istərsə də Rusiya Dövlət Dumasında dəfələrlə səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti