Bakı. İlhamə İsabalayeva - Trend:
Qurban bayramında istənilən dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı keçirilən "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda konfransda deyib.
F.Nurullayev Qurban bayramının ən gözəl xüsusiyyətlərindən birinin din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsi olduğunu bildirib:
"Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər".
Konfransda çıxış edən Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasından, həmçinin milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən söhbət açıb. O, eyni zamanda, müxtəlif dini mərasimlərin, müqəddəs bayramların tarixi xüsusiyyətləri, milli aspektləri və müasir dəyərlər sistemindəki yeri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. S.Salahlı vurğulayıb ki, İslam dünyasının ən müqəddəs bayramlarından hesab olunan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur, İslamda bu bayram xüsusi mahiyyət və əhəmiyyət kəsb edir, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur.