...

Azər Həsrət: Əli Kərimli və məhdud tərəfdarları tükəndiklərinin fərqindədirlər

Nəzər nöqtəsi Materials 21 Oktyabr 2019 13:45 (UTC +04:00)
Azərbaycanda normal və sabit şərait olduğu halda bəzi qüvvələrin aksiya keçirmək cəhdləri təəssüf doğurur.
Azər Həsrət: Əli Kərimli və məhdud tərəfdarları tükəndiklərinin fərqindədirlər

Bakı. Samir Əli - Trend:

Azərbaycanda normal və sabit şərait olduğu halda bəzi qüvvələrin aksiya keçirmək cəhdləri təəssüf doğurur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq sabit və dayanıqlı inkişafda olan, xalqı sülh şəraitində yaşayan ölkədir. Burada ortalığı qarışdırmaq, asayişi pozmaq üçün hər hansı addımın atılması dövlətə və millətə zərər verə bilər:

"Əli Kərimli başda olmaqla, həmin qüvvələrin atdıqları bu addımlar həqiqətən də ondan xəbər verir ki, onların arxasında siyasi güc və xalqın dəstəyi yoxdur. Özləri də tükəndiklərinin fərqindədirlər. Ona görə də yaradılan şəraitdən istifadə edib normal bir məkanda, çoxsaylı kütləvi bir aksiya keçirə bilməyəcəklərinə əmin olduqları üçün gəlib Bakının mərkəzində, xüsusən də, mühafizə olunan zonada etiraz aksiyası keçirməyə cəhd göstərirlər".

A.Həsrət vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan polisi onların həmin ərazidə qanunsuz aksiya keçirməsinin qarşısını aldı və bu addımlar o qədər təmkinlə icra olundu ki, iqtidarı ittiham etmək istəyənlərə heç bir bəhanə verilmədi:

"Azərbaycandakı bu aksiyanı demokratiyasından bəh-bəhlə dəm vurduqları Avropa ölkələrində, ABŞ-da mitinqlərin vəhşicəsinə dağıdılması səhnələri ilə müqayisə edəndə görürsən ki, həqiqətən də, Azərbaycan polisi çox səliqəli və təmkinli davranır. Təəssüflər olsun ki, qanunsuz aksiya keçirmək istəyənlər bundan da sui-istifadə edib polisi özündən çıxarmaq üçün addımlar atırdılar. Lakin bütün hallarda polislərimiz nəzakətli və təmkinli davrandılar".

Siyasi şərhçi əlavə edib ki, məlum aksiyadan sonra da radikallar sakit dayanmadılar, faktiki olaraq, aksiya adı altında keçirmək istədikləri qanunsuz tədbirdən sonra media və ictimaiyyəti aldatmağa cəhdlər göstərdilər:

"Hətta bəzi videokadrlarda qışqırırlar ki, "tankları çək, tankları çək". Hansı ki, həmin ərazidə nəinki tank, heç zirehli texnika da yox idi. Orada olan nəqliyyat vasitələri yalnız avtobuslar idi ki, onlar da polis heyətini əraziyə gətirmişdi. Yəni bu adamlar elə rəy yaratmaq istəyirlər ki, guya, iqtidar onlara qarşı zirehli texnikalardan istifadə edir. Təbii ki, cəfəngiyyatdır və bunu Azərbaycan xalqı görür. Bu cür şəxslərə çağırış edirəm ki, Azərbaycanın sabitliyini, ictimai asayişi pozmaq kimi əməllərdən əl çəksinlər".

Qeyd edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti