Azərbaycan, Bakı, 23 may /Trend/
Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink müsabiqənin birinci yarımfinalını "Bakı Kristal Zalı"nın səhnə arxasından izləyib.
Trend-in məlumatına görə, eurovision.az saytına müsahibə verən Elgelbert Hamperdink möhtəşəm şoudan zövq aldığını və finaldakı çıxışı ərəfəsində həyəcan keçirdiyini deyib. Bakını və paytaxt sakinlərini çox sevən müğənni şəhərin gözəl görüntülərini fotokameraya da lentə alıb.
Hamperdink Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayevanın səsinə valeh olduğunu deyib. "Səbinənin güclü səsi var", - Hamperdink əlavə edib.
Engelbert Hamperdinkin mahnıları ilə böyüyən Səbinə Babayeva bu gün Britaniya təmsilçisi ilə görüşündə "Sizin mahnılarınızın laylası ilə böyümüşəm. İndi isə sizi vətənimizdə görməkdən çox xoşbəxtəm. Nə yaxşı ki, siz varsınız" deyib.
Səbinə Babayeva həmkarına maraqlı sürpriz də hazırlayıb. Hamperdinkin hitlərindən birini ifa edən Azərbaycan təmsilçisi ona üzərində Böyük Britaniya təmsilçisinin rəsmi olan köynəyi hədiyyə edib.