Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir S.Əliyev/
BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağında platformada bütün nəzərdə tutulmuş işləri tamamilə başa çatdırıb və quyuların açılmasına hazırlaşır. Bu barədə Trend-ə çərşənbə günü şirkətdən bildirilib.
Dünən Azərbaycan platformada yaranan texniki səbəblərdən Cənubi Qafqaz kəməri üzrə Gürcüstana və Türkiyəyə qaz nəqlini dayandırıb.
Yatağın işlənməsinin texniki operatoru olan BP Azerbaijan şirkətindən bildirilmişdi ki, "Şahdəniz" platformasının elektrik enerjisi ilə təchizatı sistemində aparılan profilaktik tədbirlər zamanı platformanın dayandırılmasının avtomatik sistemi işə düşdüyündən bütün proseslər dayandırılıb.
Şirkətdən qeyd edimişdi ki, dörd quyunun hamısında hasilat dayandırılıb.
Platformadakı işlər zamanı personalın və avadanlıqların təhlükəsizliyi tam təmin olunub.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.