...

Mətbuat Şurasının sədri: Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq

Ekspert Şurası Materials 1 Fevral 2019 16:57 (UTC +04:00)
Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq.
Mətbuat Şurasının sədri: Tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklər edilməsi məsələsinə münasibət bildirib.

Ə.Amaşov deyib ki, ictimai fikir internet üzərindən yayımlanan kütləvi informasiya vasitələri tərəfindən formalaşır: "Amerikada, Avropada, Asiyada da belədir, o cümlədən Azərbaycanda da. Düzdür, qəzetin özünün xüsusiyyətləri var, qəzet salnamədir, hadisələrlə bağlı geniş materiallar verir, maarifçiliklə əlaqədar kifayət qədər işlər görür. Qəzet salnamə olaraq arxivlərdə qalır, tarixdir, 100 il də qalır, 200 il də. Əminəm ki, qəzetlər həmişə də qalacaq. Ancaq ictimai fikir indi qəzetlər tərəfindən deyil, hətta radio və televiziya tərəfindən deyil, məhz onlayn media üzərindən formalaşır. İndi insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefon vasitəsilə bir an içərisində dünyada baş verən hadisələrlə tanış olurlar. Artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar. Belə olan halda qəzetlər müəyyən problemlərlə qarşılaşır, qəzetlərin tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Əsas mövqedə isə onlayn media dayanır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir. Artıq insanlarımız da onlayn mediaya üstünlük verirlər. Azərbaycan əhalisinin təqribən 80 faizi internetdən istifadə edir, təxminən 3 milyon insan sosial şəbəkələrdən istifadə edir”.

Millət vəkili xatırladıb ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir fəaliyyət göstərir: "Fond yaradılarkən məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artırılmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və Fondun son iclasında tələblər dəyişib, ciddiləşib. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, onda kim üçün çap olunur? Bu tələblərə cavab verən qəzetlərə əvvəlki qaydada maliyyə yardımı ayrılacaq və əvvəlki qaydada fəaliyyətlərini davam etdirə bilərlər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq həmin qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyətlərini necə qursunlar. Əminəm ki, əksəriyyəti onlayın versiyaya üstünlük verəcəklər və öz media qurumlarını möhkəmlədib inkişaf etdirəcəklər. Belə məlumatlar yayılır ki, qəzetlər bağlanır. Burada söhbət qəzetlərin bağlanmasından deyil, qəzetlərin Fonddan aldıqları yardımdan gedir. Fond yaranana qədər qəzetlər çap olunurdu, yəqin ki, bundan sonra da öz fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti