BMT Baş Assambleyasının ən vacib hissəsi olan ümumi siyasi diskussiya çərşənbə axşamı qurumun Nyu-Yorkdakı mənzil-qərargahında start götürür.
RİA Novosti agentliyinin yaydığı məlumata görə, iclası yerli vaxtla saat 9.00-da cari sessiyanın sədri nikaraqualı Migel d'Eskoto Brokkman açacaq. Bu şəxs artıq özünü qurumda kardinal islahatların aparılmasının tərəfdarı kimi tanıtdıra bilib. Brokkman bu islahatları "BMT-nin demokratizasiyası" adlandırır.
Onun təklifləri arasında Təhlükəsizlik Şurası və Baş Assambleya arasındakı səlahiyyət bölgüsünün sonuncunun xeyrinə yenidən baxılması kimi radikal addım var. Brokkman hesab edir ki, BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri digər dövlətlərlə müqayisədə daha böyük hüquqlara malikdir. O bununla əlaqədar xüsusi olaraq ABŞ-ın xarici siyasətini tənqid edir.
Diskussiyanın ilk gününün olduqca maraqlı keçəcəyi gözlənilir. Çünki bu gün Corc Buşla yanaşı İran prezidenti Mahmud Əhmədinejadın çıxış edəcəyi nəzərdə tutulur. Diplomatlar və jurnalistlər onların arasında qaynar polemikanın olacağını gözləyirlər.
Onlardan başqa bu gün dünya ictimaiyyətinə həmçinin Fransa, Argentina, Qabon, Gürcüstan və Litva prezidentləri müraciət edəcəklər.
Baş Assambleya BMT-nin əsas müşavirə orqanıdır. Onun qərarları tövsiyyə xarakterlidir və icra üçün mütləq deyillər.