İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Qəzza zolağına, HƏMAS təşkilatının lideri İsmayıl Haniyənin evinin yaxınlığına zərbə endiriblər. Bu barədə Ynet xəbər verir.
Əməliyyatlar zamanı Haniyə evdə olmayıb. Məlum olduğu kimi, bu günlərdə HƏMAS və Fələstinin digər terrorçu qruplaşmalarının rəhbərliyi İsrail ordusundan məxfi sığınacaqlarda gizləniblər. "Kol İsrael" radiostansiyasının məlumatana görə, zərbələrin endirilməsində məqsəd HƏMAS liderinin evinin yaxınlığında yerləşən binada terrorçulara məxsus silah və döyüş sursatı anbarının məhv edilməsi olub.
Xatırladaq ki, HƏMAS fəalları ötən həftə İsrail ərazilərinə kütləvi şəkildə raket zərbələri endirəndən sonra "sakitləşiblər". Terrorçular İsraili Qəzza zolağında həm fələstinlilərin, həm də israillilərin itgi verməsinə gətirib çıxara biləcək yerüstü hərbi əməliyyatlara sövq etməyə ümid edərək raket zərbələrini fəallaşdırmışdılar.
Lakin İsrail Qəzza zolağında quru əməliyyatlarını qabaqlayaraq miqyaslı hava əməliyyatları həyata keçirdi və HƏMAS-ın ən təhlükəli hədəflərini məhv etdi.