Red: dövlət katibinin şərhləri 4-cü abzasda əlavə olunub.
ABŞ, Vaşinqton, 07 sentyabr / Trend , müxbir N.Bogdanova /
Bu gün ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri vəzifəsinə, ABŞ-ın Xorvatiyadakı keçmiş səfiri Robert Bradke (Robert Bradtke) təyin olunub, bu barədə Trend -a Dövlət Departamentinin Avropa və Avrasiya şöbəsindən məlumat verilib.
"Amerika Dağlıq Qarabağ probleminin həllinə böyük önəm verir və inanır ki, yeni səfir sülhpərvər siyasəti davam etdirəcək, ATƏT-in Minsk Qrupunun səylərini gücləndirəcək", - Departamentdən mənbə bildirib.
Onun sözlərinə görə, Bradke - peşəkər diplomatdır, o cümlədən münaqişə məsələlərində. Bradke uzun müddət Balkan məsələləri, ABŞ-ın NATO və ATƏT ələqələri ilə məşğul olub. Keçmiş amerikalı həmsədr Metyu Brayza kimi, o da 2001-ci ildən 2004-cü ilə kimi ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavinin köməkçisi vəzifəsini icra edib.
Dövlət Departamentinin mətbuat katibinin veridiyi məlumata görə, Azərbaycan və Ermənistan hökuməti Brakenin təyinatı barədə məlumatlandırılıb. Səfir hazırda yeni vəzəfəsi ilə tanış olur və yaxın həftələrdə regiona səfər edəcək.
Dövlət katibi Hillari Klinton bu prosesi səmərəli şəkildə başa vurmaq üçün Minsk Qrupunun səylərinin davam etdirilməsində ciddi maraqlı olduğunu bildirib. Obama Administrasiyası da bu məqsədin dəstəklənməsi üçün mümkün hər şeyin edilməsinə hazırdır. Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]