İsveç hökuməti bildirib ki, Avropa İttifaqına daxil olmaq yolunda Türkiyədə islahatların həyata keçirilməsinə nəinki siyasi, həm də maddi dəstək göstərəcək. Məlumatı TRT Russian yayıb.
İsveç hökumətinin veb-saytında Türkiyə ilə strateji əməkdaşlığın inkişaf etdirilməsi niyyətləri barədə bəyanat yerləşdirilib. Bəyanatda deyilir ki, Türkiyənin Aİ-yə daxil olması üçün İsveç hər cür dəstək göstərəcək.
Bəyanatda həmçinin bildirilir ki, Türkiyəyə insan haqları, bərabərlik və demokratiya kimi məsələlərdə dəstək göstəriləcək. Bəyanata əsasən, Türkiyə İsveçin ən mühüm tərəfdaşlarından biridir və bu ölkədə islahatların aparılması böyük əhəmiyyət kəsb edir.
Bəyanatda qeyd edilir ki, İsveç Türkiyəyə nəinki hüquqi islahatların keçirilməsində, eləcə də qadınların demokratik proseslərə cəlb edilməsi üzrə islahatlarda və milli azlıqlarla bağlı layihələrdə də kömək göstərməyə hazırdır. Türkiyə və İsveç arasında əməkdaşlığın inkişafına dair fəaliyyətin koordinasiyası ilə İsveçin İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyi (SIDA) və İsveçin İstanbuldakı səfirliyinin İsveç-Türkiyə Dostluq Mərkəzi məşğul olacaq.
SIDA, xüsusilə türkiyəli tələbələrə demokratiya və insan hüquqlarına həsr edilən layihələrdə iştirak etmək imkanı təqdim edəcək. Bənzər layihələr Türkiyədə isveçli tələbələrin iştirakı ilə də həyata keçiriləcək.
İsveç hökumətinin 2010-2013-cü illərdə dəstək proqramına əsasən, Türkiyəyə ildə 87 milyon İsveç kronu (8,5 milyon avro civarında) ayrılacaq. Məlumatı CNN Turk yayıb.