Gürcüstan, Tbilisi, 15 aprel /Trend, müxbir N.Kirsxaliya/
Aprelin 15-dən Gürcüstanda biometrik pasportların verilməsinə başlanılacaq. Bu barədə Mülki Reyestrin rəisi, ədliyyə nazirinin müavini Georgi Vaşadze bildirib.
"Aprelin 15-dən vətəndaşlar ərizə verib bu pasportları ala biləcəklər. Biometrik pasporta sahib olmaq onların Aİ ölkələrində rahat hərəkəti deməkdir. Onlar maksimum 10 gün ərzində viza alacaqlar və bu, 35 avro təşkil edəcək", - Vaşadze deyib.
Adi pasport olan biometrik pasportda şəxsin haqqında məlumat, onun fotosu və barmaq izlərinin olduğu elektron çip yerləşdirilib.
Pasportda qeyd olunan informasiya qorunacaq və onun saxtalaşdırılmayacağına dövlət tərəfindən 99% zəmanət veriləcək.
Hazırda biometrik pasportlardan Aİ ölkələrində, həmçinin, İslandiya, Norveç, İsveçrə, Honkonq, Malayziya, Cənubi Koreya, Misir və Qazaxıstanda istifadə olunur.
Gürcüstanda biometrik pasportların istehsalı üzrə 3 mərkəz olacaq - Tbilisi, Kutaisi və Batumidə.
Biometrik pasportlar 10 il müddətinə verilir və onun qiyməti 100 lari təşkil edir.