Tehranın böyük bazarındakı mağazalar, eləcə də İranın digər şəhərlərindəki bazarlar Birləşmiş Ştatlarda müqəddəs Quranın təhqir olunmasına etiraz əlaməti olaraq bağlanıb. Məlumatı "Press TV" yayıb.
İran Həmkarlar İttifaqının bəyanatında qeyd olunub ki, İranda bütün ticarətçilər ABŞ-da 11 sentyabr hadisələrinin ildönümündə müsəlmanların müqəddəs kitabının təhqir edilməsi aktını pisləyiblər.
Həmkarlar İttifaqı bazarlardakı tacirləri törədilmiş özbaşınalığa görə etiraz aksiyası keçirməyə çağırıb.
Bundan əvvəl islamın müqəddəs kitabını camaat içində təhqir etmək istəyən pastor Terri Consun ümumxalq etirazı ilə qarşılaşaraq öz planlarından imtina etməsinə baxmayaraq, ABŞ-ın Tennesi ştatında iki keşiş sentyabrın 11-də Quranın surətlərini yandırıblar.