Xəzər dənizinin cənub-şərqində yerləşən Gülüstan əyalətində noyabrın 18-də başlayan meşə yanğınları hələ də davam edir. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.
"Yanğınlar Mikodəşt, Əliabad Kəlale və daha iki regionda hələ də söndürülməyib", İranın Meşələrin Mühafizəsi Təşkilatının mühafizə briqadasının komandiri general Tağı İrəvani deyib.
İrəvani bildirib ki, yanğın hər gün səhər axşam saatlarına kimi söndürülsə də, axşam saatlarında külək əsdiyinə görə yenidən yanğınlar başlayır. "Yanğın baş verən ərazidən yanmış kötüklər çıxarılmasa və güclü yağış yağmasa, yanğını tam söndürmək olmayacaq", - o deyib.
Mühafizə briqadası komandirinin sözlərinə görə, hazırda 6 yanğınsöndürən vertolyot yanğının söndürülməsi ilə məşğuldur, sabah da daha iki vertolyot bu prosesə qoşulacaq.
İrəvani "Gülüstan meşələrində yanğını söndürmək məqsədi ilə Rusiyadan yardım istənilibmi" sualının cavabında deyib ki, bu məsələ ilə ölkənin Daxili İşlər Nazirliyi məşğuldur. "Lakin inanmıram ki, Rusiyanın yardımına ehtiyac olsun", - o qeyd edib.
General bu müddət ərzində meşə yanğınlarından dəymiş ziyanla bağlı araşdırmaların aparıldığını bildirib.
Gülüstan əyaləti İranın şimal-şərqində yerləşir. Bu əyalətin mərkəzi Gürgan şəhəridir. Əyalət şimaldan Türkmənistan, qərbdən Xəzər dənizi ilə həmsərhəddir. Əhalisinin təxminən 60-70 faizini türkmənlər təşkil edir. Vilayətdə həmçinin az sayda azərbaycanlılar (təxminən 100 min nəfərlik Qacar tayfası), qazaxlar və b. yaşayır.