İran XİN-in keçmiş rəhbəri Mənuçöhr Müttəki İran Prezidenti Mahmud Əhmədinejadın İstanbuldakı mətbuat konfransında Müttəkinin istefası ilə bağlı məlumatlandırıldığı barədə bəyanatını təkzib edib. Bu barədə MEHR agentliyi məlumat verib.
O, belə üsulla həyata keçirilən istefanı təhqiramiz, ölkənin diplomatik və siyasi imicinə zərbə vuran hesab edib.
Cümə axşamı İstanbulda keçirilən mətbuat konfransında Əhmədinejad BBC-nin müxbirinin Müttəkinin istefası ilə bağlı sualına cavabında deyib ki, Afrika ölkəsinə səfərindən qabaq Müttəki ölkə başçısının qərarı barədə məlumatlandırlıb.
"Müttəkiyə onun Seneqala səfərindən əvvəl öz qərarım barədə məlumat vermişəm. Onun bununla razılaşmamasının səbəbləri mənə məlum deyil", - Əhmədinejad deyib.
Müttəki bildirib ki, xarici işlər naziri kimi Seneqala son səfərindən əvvəl ona bu qərar barədə məlumat verməyib. Baxmayaraq ki, İran Prezidentinin dekabrın 12-də və 15-də baş tutacaq iki rəsmi səfər barədə məlumatı olub.
"Vəzifəmdən uzaqlaşdırılmağımla bağlı xəbəri bazar ertəsi, dekabrın 13-də Seneqalın rəsmi nümayəndələri ilə görüş zamanı onlardan aldım", - o, bildirib.
Müttəki öz bəyanatında İran rəsmilərini çıxışlarında sədaqətli olmağa çağırıb.
Dekabrın 18-də Xarici İşlər Nazirliyinin yeni rəhbəri Əli Əkbər Salehinin təqdimat mərasimində İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi bildirib ki, Müttəkinin istefası qəflətən olmayıb, əvvəlcədən planlaşdırılıb, Müttəki özü isə Prezidentə hətta başqa vəzifədə işləmək istədiyini deyib.
Müttəki dekabrın 13-də İran Prezidentinin fərmanı ilə istefaya göndərilib. İranın Atom Enerjisi Təşkilatına rəhbərlik edən Əli Əkbər Salehi İran XİN başçısının səlahiyyətlərinin icraçısı təyin edilib.
Mənuçöhr Müttəki demək olar, yeddi il xarici işlər naziri işləyib. O, Əhmədinejadın prezidentliyinin birinci dövründə bu vəzifəyə təyin edilib. İşdən kənarlaşdırılarkən Müttəki Seneqalda rəsmi səfərdə olub.