...

Türkiyə üsyançılara silah satır – Suriya Prezidenti

Dünya xəbərləri Materials 7 Oktyabr 2011 14:05 (UTC +04:00)
Türkiyə üsyançılara silah satır. Bu barədə Suriya Prezidenti Bəşşar Əsəd Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi Faruk Loğoğlu ilə görüşündə bildirib. Bu barədə Trend cümə günü "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir.
Türkiyə üsyançılara silah satır – Suriya Prezidenti

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə üsyançılara silah satır. Bu barədə Suriya Prezidenti Bəşşar Əsəd Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin köməkçisi Faruk Loğoğlu ilə görüşündə bildirib. Bu barədə Trend cümə günü "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir.

Əsəd onu da bəyan edib ki, ABŞ Türkiyə və Suriyanın tərəfdaşlığına qarşı çıxdığından, Türkiyə son vaxtlar Vaşinqtonun maraqlarının təmsilçisi rolunu oynayır.

Onun sözlərinə görə, son 30 il ərzində Konstitusiyasına dəyişiklik etməyən Türkiyə Suriyadan üç ay ərzində genişmiqyaslı islahatların aparılmasını tələb edir.

"Türkiyə dünyəvi idarəetmə üçün təhlükə olan Suriyanın "Müsəlman qardaşlar"ını müdafiə edir" - Əsəd qeyd edib.

O həmçinin əlavə edib ki, Suriya üçün "Müsəlman qardaşlar"ı eynilə terrorçu Kürd Fəhlə Partiyasının Türkiyə üçün törətdiyi təhlükəni törədir.

Türkiyənin Silahlı Qüvvələri 5-15 oktyabrda Suriya ilə sərhəddə yerləşən Xatay adlanan ərazidə təlim keçirəcək. Bu barədə SQ-nin Baş qərargahı məlumat verib. Təlimlərə 730 hərbi qulluqçu və quru qoşunlarından 40 ədəd texnika cəlb ediləcək.

Təlimlərin gedişində, oktyabrın 9-da ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların Xataydakı düşərgəsinə baş çəkəcək. Orada Ərdoğanın Suriyadakı hadisələrlə bağlı kəskin bəyanatla çıxış edəcəyi gözlənilir.

Suriya hakimiyyəti ölkədə çaxnaşmalar başlandıqdan sonra suriyalıların kütləvi qaçışı ilə əlaqədar dəfələrlə öz təhlükəsizlik qüvvələrini Türkiyə ilə sərhəd regionlara cəmləşdirib. Suriyanın tanklar da daxil olmaqla, qoşun hissələri sərhəd xəttinə 500 metrədək yaxınlaşıb.

Türkiyədə deyilən ehtimallara görə, Suriya qoşunları sərhədyanı ərazilərdə Türkiyəyə keçməyə cəhd edən hərbi fərarilərin axtarışı üzrə əməliyyatlar keçirib.

Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın bilavasitə onun sərhədləri yaxınlığında əməliyyatlar keçirməsi ilə bağlı narahatlığını ifadə edib və Suriya tərəfinə belə əməliyyatların təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.

Bu arada vətəndəki təqiblərdən Türkiyəyə qaçan Suriya vətəndaşlarının sayı 7 min 605 nəfərə çatıb. Onlar Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin idarəçiliyi altında olan 5 düşərgədə yerləşdiriliblər.

Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan çərşənbə günü Cənubi Afrika Respublikasına səfəri zamanı bəyan edib ki, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.

Bundan əvvəl Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.Bu barədə ötən şənbə günü CNN Turk telekanalı məlumat verib.

Bununla yanaşı, əl-Əsəd rejiminə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.

Xəbər lenti

Xəbər lenti