...

İran uran ehtiyatını nə üçün toza çevirir?

Dünya xəbərləri Materials 13 Fevral 2013 13:19 (UTC +04:00)
İran rəsmən təsdiq edib ki, yenə də 20 faiz zənginləşdirilmiş uran ehtiyatını (UF6) uran tozuna (UO2) çevirib yanacaq istehsal edir.
İran uran ehtiyatını nə üçün toza çevirir?

Dalğa Xatınoğlu, Trend-in İran xəbərlər xidmətinin rəhbəri

İran rəsmən təsdiq edib ki, yenə də 20 faiz zənginləşdirilmiş uran ehtiyatını (UF6) uran tozuna (UO2) çevirib yanacaq istehsal edir.

İran ötən ilin iyun ayında da 189 kq uran ehtiyatının yarısını toza çevirdi. İranın Fordu zavodunda sentrifuqların sayı may ayında 1064 ədəd idi, lakin avqust ayında bu rəqəm 2140-ə çatdı, yəni İranın uranı 20 faizədək zənginləşdirmə qabiliyyəti iki dəfə artıb. Hər halda Forduda quraşdırılan yeni sentrifuqlar hələlik fəal deyil, ancaq bu zavodda fəal sentrifuqlar ayda maksimum 20 kq civarında 20 faiz zənginləşdirilmiş uran istehsal edə bilir.

20 faizlik uran, uranda U235 izotoplarının sıxlığının 20 faiz olduğu deməkdir. Bu izotopların sıxlığı 90 faizdən artığa çatdırılsa, nüvə silahının başlığında istifadə oluna bilər. Adi halda, yəni xam uranda bu izotopun sıxlığı bir faizdən də azdır. Sentrifuqlarda uran qazının (Uf6) izotoplarını, yəni U238, U239 və parçalanma qabiliyyətinə (Fission) malik U235 izotoplarını ayırırlar.

Nüvə alimləri arasında hansı miqdarda 20 faiz zənginləşdirilmiş uranın potensial olaraq nüvə bombasına çevrilmə qabiliyyəti olmasında fikir ayrılığı var, ancaq bir sadə nüvə bombası üçün 250 kq 20 faizlik uran kifayət edər. Bu miqdarda urandan təxminən 5-6 kq həcmində xalis U235 izotoplarına malik uran istehsal oluna bilər və bir bomba üçün kifayətdir.

Beləlilkə, İran çalışır ki, 20 faizlik uran ehtiyatını maksimum 200 kq həcmində saxlasın və bundan artıq irəli getməsin və müəyyən dövrdən sonra əldə etdiyi uranı yanacağa çevirsin.

İranın iyun ayında 100 kq 20 faizlik uran ehtiyatının qaldığını nəzərə alsaq, hazırda İranın 20 faizlik uran ehtiyatı 150-200 kq civarında ola bilər.

Yanacağa çevrilmiş uranı yenidən uran qazına çevirmək demək olar ki mümkünsüzdür, olsa da böyük bir riskdir.

20 faizlik uran yanacağı Tehranın Əmirabad Tədqiqat Nüvə Reaktorunda radio-dərmanların istehsalı üçün istifadə olunur.

Qaranlıq məqam

İran bir dəfə 100 kq uran qazını (UF6) yanacağa çevirib və bu yanacaq illərlə Əmirabad reaktorunun fəaliyyətinə kifayət edər. İranın artıq 20 faizlik uran istehsalı və bu istehsalın davamından məqsədi naməlumdur. İran bildirib ki, 20 (Buşəhr də daxil olmaqla) nüvə reaktoru tikmək planı var və hər reaktordan 1000 meqavat/saat elektrik enerjisi istehsal etmək niyyətindədir.

Lakin birinci 1000 meqavatlıq reaktorlar 20 faizlik deyil, 3,5 faiz zənginləşdirilmiş uran yanacağı ilə işləyir. Hələlik bu plan kağız üzərindədir.

İran 20 meqavatlıq hovuz tipli nüvə stansiyaları da tikmək istəyir. Bu növ stansiyalar 20 faizlik uranla da işləyə bilir, lakin bu plan da hələlik kağız üzərindədir və tikilişinə ən azı 5 il zaman lazimdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti