Azərbaycan, Bakı, 2 aprel /Trend/
Ermənistanın İstintaq Xidməti çərşənbə günü Yerevanın "Zvartnots" aeroportunun sərnişinlərin gömrük nəzarəti şöbəsinin rəisi Arsen Papazyanı böyük həcmdə brilyant qaçaqmalçılığına görə saxlayıb. Bu barədə "RİA Novosti" xəbər agentliyi məlumat verir.
Papazyanla birlikdə cinayətdə şübhəli bilinən Yerevan sakini Aşot Qasparyan da saxlanılıb.
"İlkin araşdırmalara görə, Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş 2702,58 karat həcmində brilyantlar (0,5 kiloqramdan çox) martın 1-də Papazyanla qabaqcadan bağlanmış sövdələşməyə görə qaçaqmalçılıq yolu ilə Ermənistana gətirilib", Ermənistanın İstintaq Xidmətinin mətbuat katibliyinin məlumatında deyilir.
Fakt üzrə istintaq davam edir.