Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E. Tariverdiyeva/
Gürcüstanın yeni Nazirlər Kabinetinin 9 aylıq fəaliyyəti ərzində hökumətin əsas məqsədi ölkənin ərazi bütövlüyünü sülh yoli ilə bərpa etməkdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.
Səfirin sözlərinə görə, yeni hökumətin digər əsas məqsədləri investisiyalar, Avropaya inteqrasiya, Rusiya ilə dialoq və qanunun aliliyidir: "Hökumət bu məqsədlə dövlət orqanlarının strukturunda və fəaliyyətində bir sıra islahat və dəyişikliklər keçirir".
Şaraşenidze qeyd edib ki, Gürcüstanın Qərb və ABŞ ilə münasibətləri müsbət məcrada inkişaf edir: "Bura bir çox ikitərəfli görüşlər və Gürcüstan-ABŞ birgə təlimləri daxildir".
Səfirin sözlərinə görə, noyabrda Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişin paraflanması gözlənilir: "Həmçinin Aİ ilə ticarət və vizasız rejim haqqında saziş məsələsi nəzərdən keçirilir".