Gürcüstan, Tbilisi, 17 fevral /Trend, müxbir N.Kirsxaliya/
Bazar ertəsi Kutaisi Şəhər Məhkəməsi sabiq baş nazir Vano Merabişvili və Kaxeti regionunun keçmiş qubernatoru Zurab Çiaberişvili barəsində hökm çıxarıb. Söhbət milli hərəkatın üzvlərinin qanunsuz olaraq işə düzəldilməsi və Kvariatidə bağın zorla mənimsənilməsindən gedir.
Merabişvili və Çiaberişvili dövlət vəsaitlərindən qanunsuz istifadədə ittiham olunurlar. Təhqiqat zamanı 180-ə yaxın şahid dindirilib ki, onlardan 170 nəfəri ittiham tərəfini təmsil edib.
Hakim sabiq Baş naziri bütün itihamlar üzrə günahkar bilib və ona beş il müddətinə həbs cəzası kəsib. O, həmçinin azadlığa çıxandan sonra il yarım müddətində yüksək dövlət postu tuta bilməz.
Zurab Çiaberişvili isə yalnız bir ittiham üzrə təqsirli bilinib və ona 50 min lari məbləğində cərimə kəsilib.
Merabişvili özü məhkəmə prosesində iştirak etməyib. Onun vəkilləri isə bəyan ediblər ki, Kutaisi məhkəməsinin qərarından apelyasiya məhkəməsinə şikayət edəcəklər.