...

İran su qıtlığından əziyyət çəkir

Dünya xəbərləri Materials 12 Sentyabr 2015 11:52 (UTC +04:00)
"İranda misli görünməmiş quraqlıq baş verir. Ötən 50 ildə yağıntılar orta hesabla 25 faiz azalıb".
İran su qıtlığından əziyyət çəkir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

"İranda misli görünməmiş quraqlıq baş verir. Ötən 50 ildə yağıntılar orta hesabla 25 faiz azalıb". Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Həmid Çitçiyan deyib.

H.Çitçiyan bildirib ki, bu gün su problemi dünyada əsas problemlərdən biridir: "İran Yaxın Şərq regionunda quraqlıq zonada yerləşdiyi üçün su probleminin həlli bizim üçün də çox önəmlidir".

Onun sözlərinə görə, İranda bərpa olunan su resursları ildə 130 milyard kubmetrdən 110 milyard kubmetrə qədər azalıb: "Əhalinin sayının artması, kənd təsərrüfatının inkişafı, içməli suya tələbatın artması müvafiq olaraq ölkədə suya tələbatı artırıb. Ötən 30 il ərzində ölkədə əhalinin suya tələbatını təmin etmək üçün 600-dən çox su bəndi tikilib. Bu bəndlərin su saxlama potensialı ümumilikdə 48 milyard kubmetrdir".

Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub. Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub.

İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti