Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
2012-ci il avqustun 11-də Əhər və Həris bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş evlərin tikilməsi və bərpası üçün verilmiş kreditlərin ödənişlərinin vaxtı çatıb, lakin əhalinin bu kreditləri ödəmək imkanı yoxdur. Trend-in məlumatına görə, bu sözləri İran parlamentinin Əhər və Həris bölgəsindən olan nümayəndəsi Abbas Fəllahi Babacan deyib.
A.Fəllahi Babacan deyib ki, ya bu kreditlərin ödənmə müddəti uzadılmalıdır, ya da ki, tamamilə bağışlanmalıdır.
Qeyd edək ki, 2012-ci ilin avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500-ə yaxın şəxs isə xəsarət alıb.
Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.
Son məlumatlara görə, zəlzələ nəticəsində 306 nəfər həlak olub, 3 mindən artıq insan yaralanıb.
Həmin dövrdə İran hökuməti Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin tikintisi və bərpası üçün 49 milyon dollar vəsait ayırıb. Hökumət tərəfindən 2012-ci ildə bu vəsaitin bir hissəsi kredit formasında 3 ildən sonra ödənilməsi şərtilə zəlzələdən zərər çəkmiş vətəndaşlara verilmişdi.