Bakı. Rufiz Hafizoğlu - Trend:
Ankaradakı terror aktı nəticəsində ölənlərin sayı 37-yə çatdı. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Nazirin sözlərinə görə, Ankaradakı terror aktı nəticəsində yaralanan 15 nəfərin vəziyyəti olduqca ağırdır və hazırda şəhər xəstəxanalarında 125 yaralı var.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.
Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.