Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pasportu "Passport Index" reytinqinə əsasən dünyanın "ən güclü" pasportu adına layiq görülüb. Bu barədə Trend "The National" dərcinə istinadən xəbər verir.
Ölkə pasportunu daşıyan vətəndaşlar əvvəlcədən viza almadan dünyanın 167 ölkəsinə səyahət edə bilərlər. Bu tarixi və müstəsna müvəffəqiyyətli hadisə BƏƏ-də 2018-ci ildə elan olunmuş Şeyx Zayed ili və bu gün qeyd olunan 47-ci Milli Müstəqillik Günü bayramı ilə üst-üstə düşüb.
"Dünya BƏƏ xalqı üçün öz qapılarını açır", - deyə özünün "Tvitter" mikrobloqunda BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum yazıbın.
Ölkənin XİN başçısı, öz növbəsində, bildirib ki, "reytinq müsbət diplomatiya ilə nələri əldə etmək mümkün olduğunu göstərir".
Qeyd edək ki, BƏƏ XİN daha öncə "Passport Force" adlı təşəbbüsə start verib. Təşəbbüs BƏƏ pasportunun 2021-ci il üçün dünyanın ən güclü pasportu olmağını nəzərdə tutur. Qeyd edək ki, 2016-ci ilin dekabr ayında eyni reytinqin nəticələrinə görə pasport 27-ci pillədə qərarlaşmışdı.