Bakı. Trend:
Mahaçqalada “VAZ” markalı avtomobil 61 yaşlı kişini vuraraq öldürüb.
Trend xəbər verir ki, bu barədə "TASS"a Dağıstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, hadisə nəticəsində ölən şəxs respublikanın keçmiş baş naziri Məhəmməd Abdullayev olub.
"Mahaçqala şəhəri, Məhəmməd Hacıyev küçəsində 55 yaşlı Qızılyurt sakini “VAZ-21214” markalı avtomobillə piyada keçidi zolağından kənarda yolun hərəkət hissəsindən keçən piyadanı vurub. Qəza nəticəsində piyada, 61 yaşlı yerli sakin xəstəxanaya aparılıb və o, aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib", - deyə açıqlamada bildirilir.
Hazırda faktla bağlı cinayət işinin başlanması məsələsi nəzərdən keçirilir.
Qeyd edək ki, Məhəmməd Abdullayev 2010-cu il fevralın 20-dən 2013-cü il yanvarın 30-dək Dağıstan Respublikasının baş naziri vəzifəsində çalışıb.