...

Kanadada kilsə internat məktəbinin ərazisində 88 qeydiyyatsız uşaq məzarı tapılıb

Dünya xəbərləri Materials 30 İyun 2023 17:05 (UTC +04:00)
Kanadada kilsə internat məktəbinin ərazisində 88 qeydiyyatsız uşaq məzarı tapılıb

Bakı. Trend:

Kanadanın Alberta əyalətindəki keçmiş kilsə internat məktəbinin ərazisində aparılan axtarışlar zamanı qeydiyyatsız 88 uşaq məzarı aşkarlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlar əyalətin paytaxtı Edmontondan təxminən 335 kilometr şimal-qərbdə, Bruno internat məktəbinin ərazisində Alberta Universitetinin professoru Kisha Supernantın rəhbərlik etdiyi bir qrup tədqiqatçı tərəfindən aparılıb.

Tədqiqatları yekunlaşdıran qrup məzarların 4500 kvadratmetrlik ərazidə tapıldığını açıqlayıb.

Xatırladaq ki, Kanadada köhnə internat kilsə məktəblərinin olduğu ərazilərdə qeydə alınmamış uşaq məzarları ilk dəfə 29 may 2021-ci ildə gündəmə gəlib. Həmin vaxt Britaniya Kolumbiyası əyalətinin Kamloops şəhərindəki məktəbin bağçasında 215 uşağın qalıqları tapılıb.

Birincisi 1840-cı ildə Kanada hökuməti adından Katolik Kilsəsi tərəfindən açılan, sonuncusu isə 1997-ci ildə bağlanan internat kilsə məktəbləri 150 000-dən çox yerli uşağın zorla valideynlərinin əlindən alındığı yerlər kimi tarixə düşüb.

İddialara görə, ağ çoxluğun üstünlük təşkil etdiyi cəmiyyətə “inteqrasiya” etməsi üçün ailələrindən və mədəniyyətlərindən zorla uzaqlaşdırılan yerli uşaqların əksəriyyəti pis rəftara, aclıq və soyuğa, həmçinin cinsi və fiziki zorakılığa məruz qalıb, hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb.

Kilsə məktəblərində qalarkən ölən uşaqların sayı bəzi mənbələrdə 4200 olaraq verilsə də, Komissiyanın hesabatında kilsə idarələri tərəfindən ölüm halları sənədləşdirilmədiyi üçün bu rəqəmin 5 995 olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti