Bakı. Trend:
Qazaxıstan Müdafiə Nazirliyi sosial şəbəkələrdə Rusiyaya hərbi texnikanın ötürülməsi ilə bağlı yayılan məlumatla əlaqədar rəsmi açıqlama yayıb.
Trend bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.
"Guya Qazaxıstan hərbi texnikasının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallıqdan uzaqdır. Bu hərbi texnikanın Qazaxıstan Respublikasına aidiyyatı yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib", - deyə açıqlamada bildirilir.
Müdafiə Nazirliyi xatırladır ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və bu qadağa hələ də qüvvədədir. "Bununla əlaqədar vətəndaşlardan xahiş edirik ki, yoxlanılmamış materiallara reaksiya verməsinlər və yalnız rəsmi mənbələrə etibar etsinlər", - deyə açıqlamada qeyd edilir.