Bakı. Trend:
Qəzzada fəaliyyət göstərən xəstəxanalar yaxın zamanda yardım almasalar, fəaliyyətlərini dayandıra bilərlər.
Trend xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Yardım çatdırılmasa, Qəzza zolağındakı bütün xəstəxanaların fəaliyyəti növbəti 48 saat ərzində dayandırılacaq", - məlumatda deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağındakı xəstəxanaların dərman vasitələri, tibbi avadanlıq və generatorlar üçün yanacağa ehtiyacı olduğunu bildirib. Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında hücumlar nəticəsində 35 xəstəxanadan azı 22-nin fəaliyyətini dayandırdığını qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.