Bakı. Trend:
İsrail ABŞ prezidenti Co Baydenin çağırışından sonra Qəzza zolağına humanitar yardımın çatdırılması üçün Erez nəzarət-buraxılış məntəqəsinin müvəqqəti açılmasına razılıq verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Co Bayden bildirib ki, ABŞ tərəfindən İsrailə dəstək mülki əhalinin və humanitar təşkilat işçilərinin müdafiəsi üzrə konkret tədbirlərdən asılı olacaq.
Beləliklə, Qəzza zolağının şimalında yerləşən və uzun illər ərzində ərazidəki insanların giriş-çıxışı üçün yeganə sərnişin terminalı olaraq fəaliyyət göstərən Erez məntəqəsi müvəqqəti açılacaq.
Xatırladaq ki, bir neçə gün öncə Qəzza zolağında ac qalan mülki əhalini qida ilə təmin edən "World Central Kitchen" humanitar təşkilatının 7 könüllüsü hücum nəticəsində həlak olub. Təşkilatın saytında dərc olunan məlumata əsasən, könüllülərin olduğu avtomobil Qəzzanın mərkəzində Deyr əl-Bələh anbarından çıxarkən İsrail Müdafiə Qüvvələri tərəfindən hədəflənmiş hücuma məruz qalıb.