Bakı. Trend:
Macarıstan Ukraynanın Rusiyaya məxsus "Lukoil" şirkətinin neftinin öz ərazisi vasitəsilə tranzitini qadağan etməsi nəticəsində yanacaq böhranı ilə üzləşə bilər.
Trend xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşr yazır ki, Budapeşt neft tranzitinin dayanması səbəbindən onu gözləyən yanacaq çatışmazlığı və elektrik enerjisinin kəsilməsinin qarşısını almağa çalışır. Belə ki, ölkə neftin 70 faizini məhz Rusiyadan idxal edir və bu həcmin yarısı "Lukoil" şirkəti tərəfindən tədarük olunur.
"Centre for Eastern Studies" analitika mərkəzinin Macarıstan üzrə tədqiqatçısı və eksperti İlona Qizinska bildirib ki, Budapeşt problemi həll etmək üçün "Rosneft" şirkəti ilə tədarükün artırılması barədə müqavilə imzalaya və yaxud nedfti "Adria" boru kəməri vasitəsilə Xorvatiya ərazisi vasitəsilə nəql edə bilər.
Həmçinin qeyd olunub ki, Macarıstan fövqəladə hallar üçün nəzərdə tutulmuş strateji ehtiyatlarından istifadə edə bilər ki, bu da 90 gün müddətinə bəs edəcək.