Türkiyədə sahibsiz itlərlə bağlı qaydaların da yer aldığı heyvanların mühafizəsi qanununa dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib.
Trend xəbər verir ki, yeni qanuna əsasən sahibsiz küçə itləri toplanacaq, qayğı mərkəzinə aparılaraq orada qısırlaşdırılıb sahibləndiriləcəklər.
Bu məsuliyyət bələdiyyələrin üzərinə düşəcək. Öhdəliklərini yerinə yetirməyən bələdiyyə məmurlarına 6 aydan 2 ilə qədər həbs cəzası veriləcək.
Sahib olduqları heyvanları tərk edən şəxsləri isə 2 min lirədən (102 AZN) 60 min lirəyə (3075 AZN) qədər cərimə gözləyir.
Qeyd edək ki, Türkiyədə küçə itlərinin artması nəticəsində son dövrlərdə tez-tez itlərin insanlara hücum etməsi halları yaşanmışdı. Buna görə də heyvanların mühafizəsi ilə bağlı qanun parlamentdə müzakirəyə çıxarılmışdı.