Bakı. Trend:
Hakan Fidan Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə bağlı xəbərdarlıq edib.
Trend xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hurriyet” nəşrinə açıqlamasında bildirib ki, İsrailin regiondakı aqressiv hərəkətləri ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra daha da güclənə bilər. O, əlavə edib ki, əgər İsrail İranın nüvə imkanlarını məhv etməyə cəhd etsə, münaqişənin başqa ölkələrə yayılma ehtimalı artacaq.
Fidanın sözlərinə görə, İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya sürgün etməkdir. "Belə bir ssenari regionu daha böyük qeyri-sabitliyə sürükləyə bilər. İsrail ABŞ seçkilərindən sonra hərbi cavab tədbirləri ilə məhdudlaşmaya bilər. İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə imkanlarını sıradan çıxarmaq üçün addımlar ata bilər. Bu baş verərsə, münaqişənin başqa ölkələrə keçməsi ehtimalı artacaq," – deyə o qeyd edib.
Nazir, həmçinin vurğulayıb ki, İsrail Fələstinin Həmas hərəkatı ilə danışıqlarda yeni şərtlər irəli sürməkdə davam edir. "Bu, onun hərbi məqsədlərinə çatmaq üçün vaxt qazanmaq üçün danışıqlardan istifadə etdiyini nümayiş etdirir. Biz əvvəldən atəşkəs rejimini qətiyyətlə dəstəklədik, lakin tərəflərə Netanyahunun vaxt qazanmaq üçün danışıqları gecikdirdiyini bildirdik."