Bakı. Trend:
Ötən gün (02 fevral 2025) Gürcüstanın paytaxtı Tbilisinin girişində keçirilən etiraz aksiyasında 31 nəfər inzibati qaydada saxlanılıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəəbr verir ki, bu haqda Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı xırda xuliqanlıqda və polisin əmrinə tabe olmamaqda ittiham olunurlar. İnzibati qaydada saxlanılanların bir hissəsi, o cümlədən müxalifət partiyası olan “Axali”nin lideri Nika Meliya yaşadıqları şəhəri tərk etməmələrinə dair iltizamnamənin alınmasından sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, fevralın 2-də Gürcüstanın müxalifət partiyalarının nümyəndələri, o cümlədən ictimai fəallar “Tbilisi Moll” ticarət mərkəzinin qarşısında etiraz aksiyası keçirərək, paytaxta şimaldan girişi təmin edən avtomagistralı bağlamağa çalışıblar. Polis əməkdaşları aksiya iştirakçılarının nəqliyyatın hərəkətini dayandırmaq cəhdlərinə əngəl olduğundan tərəflər arasında kiçik toqquşmalar meydana gəlmişdi. Aksiyanın dağıdılmasından sonra etirazçılar parlamentin binasına doğru yürüş edərək, mərkəzdə toplaşmışdılar.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyaları noyabrın 28-dən bəri keçirilir. Buna baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesini donduracağını elan etməsi səbəb olub. Etirazların birinci həftəsi daha gərgin olsada, növbəti aksiyalar əsasən dinc xarakter daşıyıb.