Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının beynəlxalq və ikitərəfli proqramların maliyyələşdirilməsini dayandırması ucbatından dünyanın azı 70 ölkəsinin səhiyyə sistemində ciddi pozuntular meydana gəlib.
Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus may ayında Cenevredə keçiriləcək 78-ci Ümumdünya Səhiyyə Assambleyasına hazırlıq məqsədi daşıyan iclasda çıxışında bildirib.
ÜST rəhbərinin sözlərinə görə, Vaşinqtonun bu siyasəti Ümumdünya Səhiyyə Təşkilatının da 2025-ci ildə 600 milyon dollarlıq kəsrlə üz-üzə qoyub və təşkilat qarşıda gələn iki il üçün nəzərdə tutulan büdcəsini 21% kiçiltməyə məcbur qalıb.
“Hər hansı xəbərdarlıq olmadan maliyyələşmənin dayandırılması azı 70 ölkənin səhiyyə sisteminin işində ciddi əngəllərə yol açıb. Biz informasiya sistemlərində və tədarük zəncirlərində maneələrin meydana gəldiyinin, tibbi müəssisələrin bağlanmasının, tibb sahəsi işçilərinin iş yerlərini itirmələrinin və səhiyyə xərclərin artmasının şahidi oluruq”, - deyə o bildirib.