Bakı. Trend:
Almaniya Federal Cinayət İdarəsi (BKA) və Frankfurt Prokurorluğu “Darknet”də fəaliyyət göstərən ən iri cinayətkar onlayn ticarət platformalarından biri olan “Archetyp Market”ə qarşı genişmiqyaslı beynəlxalq əməliyyat keçirib.
Trend-in “Tagesschau” xəbər xidmətinə istinadən verdiyi məlumata görə, Avropa İttifaqının bir sıra ölkələrinin hüquq-mühafizə orqanlarının koordinasiyası ilə həyata keçirilən əməliyyata 300-dən çox əməkdaş cəlb olunub. Əməliyyat çərçivəsində Aİ ölkələrində 25 ünvan üzrə axtarış aparılıb.
Ümumi dövriyyəsi 250 milyon avro olan platformanın əsas administratoru – 30 yaşlı Almaniya vətəndaşı İspaniyanın Barselona şəhərində saxlanılıb. “Archetyp Market”in fəaliyyət göstərdiyi server isə Niderlanddakı məlumat mərkəzində ləğv edilib.
Platformanın moderator və satıcıları olmaqda şübhəli bilinən şəxslərə qarşı Almaniya, Rumıniya və İsveçdə əməliyyatlar keçirilib. İsveçdə 7 nəfər saxlanılıb.
Axtarışlar zamanı çox sayda mobil telefon, kompüter, yaddaş daşıyıcıları və ümumi dəyəri 7,8 milyon avro olan əmlak müsadirə olunub.
Qeyd edək ki, “Archetyp Market”də əsasən amfetamin, kannabis, fentanil, heroin və kokain kimi narkotik vasitələrin satışı həyata keçirilirdi. Platformada təxminən 17 min satış elanı, 612 min istifadəçi hesabı və 3,2 min satıcı qeydiyyatdan keçmişdi. Bütün ödənişlər “Monero” adlı kriptovalyuta ilə aparılıb.