Bakı. Trend:
Yaponiyanın Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrində xidmətinə qoyulan son məhdudiyyətləri də aradan qaldırıb.
Trend-in məlumatına görə, Kyodo agentliyi xəbər verir ki, avqustun 1-dən etibarən qadınlar artıq nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər.
Müdafiə Nazirliyi bu qərarı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah edir. Qeyd olunur ki, bu bölmələr xüsusilə 2011-ci ildə Fukusima Daiiçi AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı çirklənmiş ərazilərin zərərsizləşdirilməsində istifadə olunur. Hazırda həmin bölmələrdə ciddi kadr çatışmazlığı yaşanır və qadınların cəlb olunması bu problemin həllinə töhfə verəcək.
Xidmət zamanı qadınların təhlükəsizliyini təmin etmək üçün onlar üçün xüsusi qoruyucu vasitələr təqdim olunacaq və xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Yaponiyanın Müdafiə Nazirliyi 1993-cü ildən etibarən qadınların hərbi strukturlarda fəaliyyət dairəsini genişləndirməyə başlayıb. Hazırda qadınlar hərbi təyyarələri idarə edə, döyüş bölmələrində, eləcə də dəniz və sualtı gəmilərdə xidmət göstərə bilirlər.