Bakı. Trend:
Türkiyənin Bursa vilayətində baş verən iri meşə yanğınları əhalinin yaşadığı ərazilərə qədər yayılıb.
Trend-in verdiyi xəbərə görə, ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi bildirir ki, alovun qarşısını almaq üçün yanğınsöndürənlər bütün gecəni fasiləsiz çalışacaqlar.
Yanğınlar artıq Türkiyənin şimal-qərb bölgəsində yerləşən beş vilayəti – Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisa vilayətlərini əhatə edib.
Bəzi yerlərdə güclü küləklər yanğının sürətlə yayılmasına səbəb olub və təxliyə tədbirləri həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə yanğının Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyası ətrafına yayıldığı barədə iddialar yer almışdı. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Yanğınla mübarizə məqsədilə havadan və qurudan genişmiqyaslı əməliyyatlar davam etdirilir. Rəsmi qurumlar vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və təxliyə təlimatlarına əməl etməyə çağırır.