Bakı. Trend:
Böyük Britaniyada qanunsuz miqrantların otellərdə yerləşdirilməsi praktikasına qarşı ictimai narazılıq artmaqdadır.
Trend-in “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, iyulun 26-da İngiltərənin şərqində yerləşən Norviç şəhərində yüzlərlə insan etiraz aksiyası keçirib.
Britaniya bayraqları ilə miqrantların yerləşdirildiyi otelin qarşısına toplaşan etirazçılar həmin obyektin dərhal bağlanmasını tələb ediblər.
Oxşar etirazlar Lids, Nottinqemşir və Sauthemptonda da baş tutub. Məlumata görə, bəzi hallarda miqrantları müdafiə edən qruplar aksiya iştirakçılarına yaxınlaşmağa çalışıblar, lakin polis mümkün toqquşmaların qarşısını almaq üçün tərəfləri ayırıb.
Etirazların iyulun 27-də ölkənin cənub və mərkəzi hissələrində – Bornmut (Dorset), Sauthempton, Satton-in-Eşfild (Nottinqemşir), Vulverhempton (Qərbi Midlends), Oltrinqem (Böyük Mançester) və Epping (Esseks) şəhərlərində də davam etdirilməsi planlaşdırılır.
Narazılıqlar iyulun ortalarında Eppinqdə yaşanan qalmaqallı insidentdən sonra daha da güclənib. Belə ki, şəhərdə yaşayan 38 yaşlı efiopiyalı qaçqın 14 yaşlı qıza qarşı cinsi təcavüzdə təqsirləndirilib. Hadisədən sonra yüzlərlə insan miqrantların yerləşdirildiyi otelin bağlanması tələbi ilə küçələrə çıxıb. Etirazlar bir neçə gün davam edib, nəticədə 18 nəfər saxlanılıb və onlardan 7 nəfərə rəsmi ittiham irəli sürülüb.
Etirazçıların əsas narahatlığı hökumətin miqrasiya siyasəti və ictimai təhlükəsizliklə bağlı qaydaların qeyri-effektiv tətbiqidir. Məsələ Britaniyada ictimai və siyasi gündəmdə müzakirə olunan əsas mövzulardan birinə çevrilib.