Bakı. Trend:
ABŞ-nin Malayziyadakı səfiri Edqard Kaqan Vaşinqtonun Tayland və Kamboca sərhədində atəşkəs rejiminə riayət olunmasına aktiv şəkildə nəzarət etmək niyyətini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə onun Kambocanın müdafiə naziri Tea Seyxlə görüşünün yekunlarına dair Kamboca İnformasiya Nazirliyinin yaydığı məlumatda deyilir.
Kaqan ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş və ASEAN-ın hazırkı sədri qismində Malayziya tərəfindən dəstəklənmiş atəşkəslə bağlı təşəbbüsə Birləşmiş Ştatların qətiyyətli dəstəyini təsdiqləyib.
Qeyd edək ki, silahlı toqquşmalar iyulun 24-ü səhər saatlarında Kamboca–Tayland sərhədi boyunca, Oddar-Meançey vilayətindəki mübahisəli sərhəd zonası yaxınlığında baş verib. Tayland Silahlı Qüvvələrinin məlumatına görə, Kamboca qüvvələrinin ağır silahlardan istifadə etməsinə cavab olaraq onların mövqelərinə zərbələr endirmək üçün qırıcı təyyarələr cəlb olunub. Kamboca Müdafiə Nazirliyi isə bildirib ki, ordu Tayland qoşunlarının müdaxiləsinə cavab olaraq özünümüdafiə çərçivəsində hərəkət edir.
Malayziya hökumətinin başçısı iyulun 28-də Taylandın baş nazirinin vəzifəsini icra edən Phumtam Veçayaçayla Kamboca Nazirlər Kabinetinin rəhbəri Hun Manetin Kuala-Lumpurda keçirdiyi danışıqlardan sonra Asiya ölkələri arasında atəşkəsin əldə olunduğunu elan edib. Atəşkəs iyulun 29-u saat 00:00-da (Bakı vaxtı ilə 28 iyul saat 20:00-da) qüvvəyə minib.