Bakı.Trend:
Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun tikinti işlərinin 95 faizi yekunlaşıb və 2026-cı ildən orada elektrik enerjisinin istehsalına başlanıacağı gözlənilir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərə açıqlamasında deyib.
“Birinci reaktorun işə salınmasına gəldikdə, hazırda çox mühüm mərhələdəyik. İşlərin 95%-i tamamlanıb və gələn il "Akkuyu"da ilk elektrik enerjisi istehsalına başlamağı ümid edirik. Məqsədimiz budur. Əlbəttə, birinci reaktordan sonra digərləri də gələcək, lakin indi əsas diqqətimizi Türkiyədə ilk atom reaktorunun tikintisinin yekunlaşdırılmasına yönəltmişik”, – deyə nazir vurğulayıb.
O, layihəni Türkiyənin və dünyanın ən iri layihələrindən biri adlandırıb. Nazirin sözlərinə görə, Akkuyu AES layihəsi Türkiyədə həyata keçirilən ən böyük xarici investisiya layihəsidir. Hazırda dünyada inşa olunan ən böyük atom elektrik stansiyası sahəsində dörd reaktorun tikintisi aparılır.
