Bakı. Trend:
İranın Azərbaycanla sərhədində Kəlalə-Ağbənd avtomobil yolu körpüsünün İran tərəfində gömrük məntəqəsinin tikilməsi prosesinə start verilib.
Trend-in məlumatına görə, bunu İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti gömrüklərinin nəzarətçisi Əli Əsğər Abbaszadə yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində iki gömrük məntəqəsinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bunlardan biri də Culfa gömrük məntəqəsidir.
Abbaszadə əlavə edib ki, hazırda Culfa gömrük məntəqəsindən gündəlik təxminən 300 yük maşını keçə bilər. Kəlalə-Ağbənd istiqamətində gömrük məntəqəsinin tikilərək istifadəyə verilməsi ilə bu gömrük məntəqəsindən gündəlik 1,3 min yük maşının keçməsinə imkan yaranacaq.
Qeyd edək ki, 21 sentyabrda 2022 Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Uzunluğu 112 kilometr olan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.
Xatırladaq ki, Kəlalə-Ağbənd avtomobil yolu körpüsünün mart ayında istifadəyə verilməsi planlaşdırılır.
