Bakı. Trend:
Ötən həftəsonu Ukraynanın enerji sistemi yenidən hücumlara məruz qalıb və bu, atom elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir göstərib.
Trend-in məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Ukraynanı qonşu dövlətlərlə birləşdirən ötürücü xətlər sıradan çıxıb, nəticədə ölkə daxilində enerji təchizatı xətləri zəncirvari şəkildə şəbəkədən ayrılıb. Gərginliyin dəyişməsi səbəbindən AES-lərdən birində enerji bloku şəbəkədən ayrılaraq avtomatik dayandırılıb. Digər AES-lərdə isə enerji blokları gücü azaltmağa məcbur olub.
Çernobıl AES-in xarici elektrik təchizatı tamamilə kəsilib və obyekt təxminən bir saat ərzində fövqəladə hallar üçün nəzərdə tutulmuş dizel generatorları hesabına fəaliyyət göstərib.
R.Qrossi bildirib ki, bu cür hadisələr elektrik şəbəkəsinin vəziyyətinin pisləşməsi fonunda nüvə təhlükəsizliyi üçün daimi risklərin mövcud olduğunu bir daha açıq şəkildə göstərir.