...

İnkişaf etməkdə olan ölkələrdə hər il doğuş zamanı 600 000-dən artıq ana ölümü baş verir

Dünya xəbərləri Materials 10 İyul 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Dünyanın inkişaf etməkdə olan ölkələrində hər il 600 000-dən artıq doğuş zamanı ana ölümü baş verir. Bu barədə çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

İnkişaf edən ölkələrdə doğuş zamanı yaranan kəskin problemlərin sayı inkişaf etmiş ölkələrlə müqayisədə 30-100 dəfə çoxdur.

Hamiləlik və doğuş zamanı qadın ölümünə gətirən əsas səbəblər sırasında tibbi xidmətlərin keyfiyyətinin (o cümlədən, yardımçı təcili mamalıq xidmətinin) aşağı olması və ya onun ümumiyyətlə olmaması və eləcə də kişilər və qadınlar arasında HİV infeksiyasının sürətlə yayılması qeyd edilməlidir. BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru xanım Toraya Əhməd açıqlamasında deyib ki, kişilərin bu prosesə cəlb olunması və iştirakı ana ölümü ilə bağlı vəziyyəti tamamilə dəyişdirə bilər. Erkən nikahın qarşısını almaqla, qızların təhsil almasını təmin etməklə, ədalətli münasibətləri aşılamaqla və qadınların reproduktiv sağlamlığı və hüquqlarını dəstəkləməklə bu sahədə əhəmiyyətli tərəqqi əldə edilə bilər.

BMT-nin baş katibi cənab Ban Ki-mun isə qeyd edib ki, kişilərin bu prosesə tərəfdaş kimi cəlb edilməsi reproduktiv sağlamlıq və hüquqların inkişaf etdirilməsi işində vacib bir strategiyadır. "Hamımız kişiləri mümkün olan bütün yollarla insan hüquqları və təhlükəsiz analıq hüququna dəstək verərək dəyişikliyin tərəfdaşları və fəal iştirakçıları olmağa və beləliklə hər kəs üçün daha geniş imkanlar yaradacaq daha sağlam bir dünyanın qurulmasında iştirak etməyə həvəsləndirməliyik" -deyə BMT-nin baş katibi əlavə edib.

Ümumdünya Əhali Gününün builki mövzusu - "Kişilər ana sağlamlığının qorunmasında tərəfdaş kimi" adlanır.

Xəbər lenti

Xəbər lenti