...

Bakıda Konfutsi İnstitutu açılıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2011 16:43 (UTC +04:00)
Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub.
Bakıda Konfutsi İnstitutu açılıb (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetində Konfutsi İnstitutunun açılışı olub. Trend-in BDU-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açılış mərasimində çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, İnstitutun yaradılması Çin Xalq Respublikasının Anhoy Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb.

Sazişə əsasən, Anhoy Universiteti bu İnstituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.

Rektor bu İnstitutun iki ölkə xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, bu İnstitut Azərbaycan cəmiyyətinin tələblərinə uyğun olan təhsil üsulları axtaracaq, çin dilinin öyrənilməsi, Çinlə daha yaxın tanışlıq və iki tərəf arasında mədəni mübadilə əməkdaşlığının həyata keçirilməsi baxımından böyük xidmətlər göstərəcək.

Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tsyan Syaoyan da Bakı Dövlət Universiteti və Anhoy Universiteti arasında aparılan uğurlu və səmimi əməkdaşlığın məhsulu olan Konfutsi İnstitutunun açılışı münasibətilə xoş sözlərini və arzularını çatdırıb.

Anhoy Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali təhsil ocagı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Anhoy Universiteti son illər təhsilin beynəlmilləşdirilməsi istiqamətində beynəlxalq əlaqələrini genişləndirib, 90-a yaxın universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada Bakı Dövlət Universiteti xüsusi yer tutur.

Sonra Şərqşünaslıq fakültəsinin çin dili ixtisasının tələbələri Çinin xalq mahnılarını ifa edib, şeirlər səsləndirib, çin idman gimnastikasını, milli adət-ənənələrini əks etdirən paltarlar nümayiş etdiriblər.

Konfutsi İnstitutu xaricdə çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış Çin mədəniyyət və təhsil mərkəzidir. Konfutsi İnstitutunun missiyası - çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. İlk Konfutsi İnstitutu 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda açılıb. Çin dilinin yayılması üzrə Beynəlxalq Şuranın hesablamalarına görə, artıq dünyada 40 milyon insan çin dilini öyrənir.

Xəbər lenti

Xəbər lenti