...

Hamlet İsaxanlı: "Böyük iradə sahibi olmalısan ki, xırda maneələr səni yolundan çəkindirə bilməsin"

Cəmiyyət Materials 2 İyun 2011 11:42 (UTC +04:00)
"Böyük iradə sahibi olmalısan ki, xırda maneələr səni yolundan çəkindirə bilməsin" - H.İsaxanlı
Hamlet İsaxanlı: "Böyük iradə sahibi olmalısan ki, xırda maneələr səni yolundan çəkindirə bilməsin"

Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı ilə müsahibə

Hamlet müəllim, ilk sualım Azərbaycan təhsil sistemi haqdadır. Bu barədə nələri söyləmək istərdiniz?

- Qısaca olaraq, istərdim Azərbaycan təhsil sistemi ilə xarici ölkələrin bu sahədə təcrübəsi haqda müqayisəli xülasə verim. Azərbaycanda da dünyanın başqa ölkələrində olduğu kimi təhsil ayrı-ayrı pillələrə bölünür. Ən birinci pillə məktəbəqədər təhsildir. Bir çox ölkələrin təcrübəsində bu mərhələ uşaqların 3 - 5 yaşına təsadüf edir. Sonrakı mərhələ - Məktəb təhsili əsasən UNESCO klassifikasiyasına uyğun olaraq, ibtidai, aşağı orta və yuxarı orta pillələrə bölünür. Ölkəmizə ibtidai təhsil 4 illikdir. Halbuki çox ölkələrdə bu müddət daha çox, əsasən 6 il təşkil edir. Ümümən götürsək, ölkəmizdə məktəb təhsili 11 illikdir və bu 11 il özündə qeyd etdiyimiz 3 pillənin hamısını ehtiva edir. Bəzən müəyyən mütəxəssislər tərəfindən ayrılıqda hər bir təhsil pilləsinə uyğun məktəblərin ixtisaslaşması fikri də irəli sürülür. Bu fikrimcə məqsədəuyğun olardı. Biz, öz növbəmizdə "Dünya" məktəbini təsis etdikdə qərara aldıq ki, bu məktəbəqədər, ibtidai, aşağı orta və yuxarı orta təhsil pillələrinin hamısını özündə ehtiva etsin. Bundan sonra gələn təhsil pilləsi orta ixtisas, yəni kolleclər və peşə məktəbləridir. Azərbaycanda bu təhsil pilləsi əfsuslar olsun ki, nisbətən zəif inkişaf edib. Biz rəsmi olaraq təhsilin bu pilləsi ilə bağlı tədris aparmırıq. Amma bununla belə, oxşar xidmət Xəzər Universiteti nəzdində treninq mərkəzləri tərəfindən təqdim edilir. Müəyyən istaiqamətlər üzrə təlimlər keçirilir və nəticədə kursu uğurla bitirənlərə sertifikatlar da verilir.

Təhsil sahəsində islahatlar etməli olsaydınız, hansı tədbirlər həyata keçirərdiniz?

- Əslində təhsildə islahatlar məsələsi mənim həm yazdığım kitablar, beynəlxalq konfranslar, həm də ictimaiyyət qarşısında etdiyim çıxışlar zamanı ən çox toxunduğum problemdir. Birinci və ən mühüm məsələ - dövlət və özəl təhsil müəsisələri arasında münasibətlərin tənzimlənməsidir. Hazırda təhsildə, xüsusilə ali təhsil istiqaməti üzrə ciddi rəqabət mövcuddur. Biz çalışmalıyıq ki, təhsilimizin keyfiyyəti yüksək olsun və bu cür rəqabət şəraitində bir özəl təhsil qurumu kimi çalışmalıyıq ki, daha çevik hərəkət edə bilək. Məsələn, ali təhsil müəssisələrinə tələbə qəbulu prosesinə baxaq. Bu vacib mərhələdə ali təhsil müəssisəsi özü müstəqil olaraq heç bir tədbir həyata keçirə bilmir.Bütün qəbul proseduru tam olaraq, dövlət tərəfindən həyata keçirilir. Düzdür müəyyən dövr ərzində bu məqsədəduyğun hesab olunurdu ki, tələbə qəbulu zamanı xoşagəlməz halların, daha doğrusu korrupsiyanın qarşısı alınsın. Amma sonrakı mərhələdə fikrimcə, ali məktəb özü müstəqil qərar vermək hüququna malik olmalıdır.
Başqa bir problem. Dünyanın hər bir ölkəsində təhsilin bitməsi zamanı verilən sənəd - diplomlar məzunlara ali təhsil müəssisəsi tərəfindən verilir. Bu nə deməkdir? Yəni hər bir ali məktəbin özünün diplomu olur, diplomun arxasında alı məktəbin nüfuzu dayanır. Bizdə isə bu tam fərqli - mərkəzi qaydada həyata keçirilir. Bütün təhsil qurumlarına eyni dövlət təşkilatı tərəfindən eyni diplom forması təqdim edilir.
Daha bir problem. Ali məktəblər yeni ixtisaslar üzrə mütəxəssis hazırlamaq məsələsində sərbəst olmalıdır. Dövlətin bu işə az-çox maliyyə ayırması və ya heç ayırmamağı bu hazırlığın səviyyəsi ilə əlaqəli ola bilər.
Dördüncü ən əsas məsələ - dövlətin təhsilə münasibətdə tətbiq etdiyi vergi siyasətidir. Hər bir işin uğurlu idarəedilməsi düzgün maliyyələşdirmə mexanizmindən asılıdır-özəl və ya dövlət qurumu olmağından asılı olmayaraq. Belə düşünürəm ki, təhsil müəssisəsindən əlavə dəyər vergisinin tələb edilməsi düzgün deyil. Üstəlik də dünya təcrübəsində elə bir ali məktəb yoxdur ki, yalnız tələbələrdən aldığı təhsil haqqı ilə fəaliyyət göstərsin. Əlavə dövlətdən kömək olmalıdır Həmçinin ali təhsil qurumlarının özləri kifayət qədər qoçaq olmalıdır ki, ictimai, xeyriyyə və biznes qurumlarından müəyyən vəsait toplaya bilsin. Xarici ölkələrin təcrbəsində belə hallar kifayət qədərdir. Məsələn, 10 nəfər tələbənin bir xeyriyyəçi tərəfindən oxudulması, maddi-texniki bazanın qurulmasına dəstək olmaq kimi. Hətta ABŞ və digər Qərb ölkələrində belə bir təcrübə də vardır ki, təhsil müəssisələrinə maliyyə yardımı göstərən qurumlara münasibətdə dövlət vergi güzəştləri tətbiq edir. Ali məktəbin köməyə bu qədər ehtiyacı olduğu halda onun əlavə dəyər vergisi verməsi düzgün deyil.

Hamlet müəllim, fikrinizcə bugün "Azərbaycan məktəbi"nin ən böyük problemi nədir?

- Obyektiv desək, hazırda azərbaycan məktəblərində çox problem var. Bunlardan ən birincisi müəllimlərin əməkhaqqı məsələsidir. Fikrimcə, müəllimin aylıq əməkhaqqısı heç olmasa 800 manat olmalıdır ki, ailənin ən zəruri tələbatları ödənilsin. Təəssüf ki, nəinki müəlim, hətta məktəb direktoru belə qeyd etdiyim məbləğdə əməkhaqqı ala bilmir. Məhz bu səbəbdən müəllimlərin çoxu repetitorluq fəaliyyəti ilə məşğul olur. Bu da öz növbəsində onun bir müəllim kimi məktəbdə etdiyi tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Bundan əlavə, dünyada xüsusi göstərici var - bir müəllimə adambaşı düşən şagirdlərin sayı. Bu dünya təcrübəsində inkişaf etmiş ölkələrdə orta hesabla 20 şagird təşkil edir. O qədər də zəngin olmayan ölkələrdə bu göstərici 25-30 şagird təşkil edir. Azərbaycanda bu rəqəm 8 -dir. Təsəvvür edin ki, bu qədər müəllim artıqlığı var. Üstəlik də bu müəllimlərin xeyli hissəsi bilik cəhətdən kifayət qədər zəifdir. Belə müəllimlər nəticədə məntiqi olaraq, orta təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Digər tərəfdən, düşünürəm ki, orta məktəb müəllimlərinin çox ciddi yenidən hazırlıq sistemi olmalıdır. Xüsusi Treninq proqramı hazırlanmalı və tətbiq edilməlidir.
Bəs sual oluna bilər ki, müəlimlərin əməkhaqqı niyə artırılmır? Çünki onların sayı həddindən artıq çoxdur. Azərbaycanda hazırda 300 mindən artıq müəllim var. Paradoksal bir hal da odur ki, bu qədər müəllim sayı ilə yanaşı müəllim kadrlar hazırlayan dövlət ali məktəb ixtisaslarının sayı-hesabı yoxdur. Üstəlik müəllim ixisasını seçən abituriyentlər, adətən, qəbul imtahanlarında nisbətən zəif bal toplayan məktəb məzunları olur.
Başqa bir məsələ - məktəblərin maddi texniki bazasının gücləndirilməsi zərurətidir. Düzdür ölkəmizdə bu istiqamətdə real işlər aparılır. Heydər Əliyev Fondu və Təhsil nazirliyinin həyata keçirdiyi layihələr danılmazdır. Amma bu iş hər zaman davam etdirilməlidir. Belə ki, təmir-tikintiyə ehtiyacı olan məktəblərin sayı çoxdur. Hələ görülməli çox işlər var.
Yerdə qalan problem kimi mən təhsildə rüşvət və tapşırıq sisteminin olmasını hesab edirəm. Bu çox dəhşətli bir haldır. Bu xoşagəlməz hallar olan yerdə heç vaxt keyfiyyət, bərabərlik və ədalətdən danışmaq olmaz.

Sizin üçün "Yaxşı məktəb" məfhumu altında hansı həqiqətlər dayanır?

İki il bundan əvvəl biz "Dünya" məktəbində görkəmli elm və ictimai xadimlərin iştirakı ilə geniş konfrans keçirdik. Konfransın mövzüsu isə "Yaxşı məktəb nədir" idi. Zənnimcə, hər şeydən əvvəl, yaxşı məktəbin özünəməxsus bir inkişaf planı və fəlsəfəsi olmalıdır. "Mənim məktəbimi digərlərindən fərqləndirən nədir?" Sualına cavab olmalıdır. Məktəb ən yaxşı, ən peşəkar müəllimləri ətrafına toplamalıdır. Məktəbin yaxşı maddi - texniki bazası olmalıdır. Məktəbin tədris planı müasir olmalı, həm dünya təcrübəsini nəzərə almalı, həm də milli dəyərlərə söykənməlidir. Şagirdlər əzbərçi deyil, düşünmək qabiliyyəti, məsələ həll etmək, qərar qəbul etmək istiqamətində güclü olmalıdır.
Bundan əlavə, idarəetmə sisteminin təkmilləşdirilməsi də vacib məsələdir. Misal üçün bildirim ki, qonşu Gürcüstanda belə bir təcrübə var ki, məktəbin idarə heyəti təşkil olunur Gizli səsvermə yolu ilə 6 Müəllim, 6 valideyn və bir şagird seçilir. Direktor burda yalnız icraçıdır.

"Dünya" məktəbi digər ümümtəhsil məktəbləri ilə müqayisədə hansı üstünlüklərə malikdir?

-"Dünya" məktəbi digər məktəblərdən yaxşı mənada xeyli fərqlənir. Bizim üçün ən mühüm məsələ korrupsiya və tapşırıq sisteminin olmamasıdır. Bu həm şagird və tələbə qəbulunda, dərs prosesində şagirdərin biliyinin qiymətləndirilməsi, müəllim - şagird, müəllim-valideyn münasibətlərində özünü göstərir. Məktəb rəhbərliyi tərəfindən bu məsələ çox ciddi şəkildə tənzimlənir.
Məktəbdə təhsil alan hər bir şagird orada çalışan müəllimin öz uşağı simasındadır. Doğma uşağımızı sevdiyimiz qədər də hər şagirdə də o cür yanaşırıq. Bu ideya çox mühümdür.
Təhsil proqramına maraqlı olması baxımından dəyişiklilər edirik. Elə fənlər var ki, hətta özümüz proqrama daxil edirik.
Yalnız bizdə şagird dinləyici deyil, dərsin iştirakçısına çevrilir. Şagird, müəllim qədər fəal olmalıdır, müzakirələr apara-apara bir şəxsiyyət kimi öz fikrini formalaşdırmalıdır. Bu, şagird mərkəzli təhsil modeli adlanır. Sadə dildə desək, burada şagirdər oyunçu, müəllim isə onların məşqçisidir.
Bundan başqa tərbiyə məsələlərinə ciddi yanaşma mövcuddur. Burada hamı bərabərdir və hamıya eyni qayğı göstərilir. Ən əsas məqam isə Dünya məktəbinin Azərbaycanda yeganə İB statusu olan məktəb olmasıdır.
Məktəbinizdə neçə şagird təhsil alır və onların sayının artımı gözlənilirmi?
Hazırda "Dünya" məktəbində təxminən 300 şagird təhsil alır. Bu bizin üçün yaxşı rəqəmdir. Bu gün məktəbimizdə olan maddi-texniki baza məhz bu sayda şagirdə keyfiyyətli təhsil vermək imkanı yaradır. Lakin bununla belə, şagird sayının artımı gələcək illər üçün planlaşdırılır. Belə ki, "Dünya" məktəbi üçün yeni tədris və xidmət kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Yaxın günlərdə tikinti işlərinə başlanılacaq. O zaman biz şagird sayını artıra biləcəyik. Yeni kompleksin tikintisi kifayət qədər bahalı layihə olacaq. Buna görə, bizə maliyyə yardımı göstərə biləcək qurumlara müraciət edirik ki, bizə dəstək olsunlar.

Məktəbin müəllim kontingenti haqda nə deyə bilərsiniz?

- İlk növbədə bildirim ki, Dünya məktəbində hər müəllim işləyə bilməz. Müəllimlərimiz əsasən üç qrupa bölünür:
• elm adamları, professor və dosentlər
• təcrübəli orta məktəb müəllimləri
• Dünya məktəbinin gənc məzunları.
"Dünya" məktəbində müəllimlərin əməkhaqqı individual xarakter daşıyır. Məbləğ müəllimin tədris etdiyi fənnin çətinliyi, dərs saatlarının həcmi, tədris etdiyi dil və digər amillərdən asılıdır.

Hamlet müəllim, sonda Sizin məktəbin Uğur formulunu bilmək istədik. Uğurunuzu şərtləndirən cəhətlər?

- Hər bir işin müvəffəqiyyətli sonluğu üçün qızıl qaydalar mövcuddur. Birinci və ən mühüm şərt peşəkarlıqdır. Hamı öz işinin peşəkarı olmalıdır. İkinci şərt, dəqiq və düşünülmüş planlaşdırmadır.
Üçüncü şərt - iş görmək ehtirasıdır. Zənnimcə, bu çox əhəmiyyətlidir. Daxili alov, bir işi yerinə yetirmək istəyi və etdiyin işdən zövq almaq imkanı.
Ən sonuncu şərt isə iradəli insan olmaqdır. Çünki, böyük iradə sahibi olmalısan ki, xırda maneələr səni yolundan çəkindirə bilməsin. Başladığın işi sonuna qədər uğurlu icra edə biləsən.

Xəbər lenti

Xəbər lenti